Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
İşğaldan azad olunmuş ərazilərdə bərpa yalnız dövlət layihələrinə arxalanmaqla uzunmüddətli nəticə vermir; vətəndaşların öz evlərini tikməsi üçün mərhələli və dövlət nəzarətində şərait yaratmaq daha məqsədəuyğundur. Bölgə dövlət nəzarətində qalmaqla özəl sektora açılmalı, sahibkarlıq və investisiyalar üçün sadələşdirilmiş mexanizmlər təmin edilməlidir. Ümumiyyətlə, əslində bərpa prosesində məqsəd insanları deyil, modelləri dəyişmək olmalıdır ki, sosial, iqtisadi və psixoloji baxımdan dayanıqlı sistemin yaradılması mümkün ola bilsin.
Əməkdar jurnalist Bahəddin Həzi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 44 günlük müharibədən sonra işğaldan azad olunmuş bölgələrin gələcəyi ilə bağlı hələ 2021-ci ildə öz mülahizələrimi bölüşüb, iki təklif irəli sürübmüş: “Biri o idi ki, yenidən qurulacaq yaşayış məntəqələrində, eləcə də, Şuşada, başqa nisbətən salamat şəhər və qəsəbələrdə küçələrə, məktəblərə, sosial obyektlərinə, mədəniyyət, idman mərkəzlərinə və sair bu torpaqlar üçün döyüşüb şəhid olmuş şəxslərin adı verilsə, yaxşı olar. Ümumiyyətlə, o bölgələrdə şəhidlərin adlarının əbədiləşdirilməsinə xüsusi diqqət verilməsi, fikrimcə, çox yaxşı olar.
İkinci təklifim belə olmuşdu ki, keçmiş köçkünlərə öz evlərinin bərpa etməyə, tikmək, orda sahibkarlıqla, təsərrüfat quruculuğu ilə məşğul olmağa icazə, imkan verilsə, yaxşı olar. Həm bu insanların mənəvi ehtiyacı var öz evlərini öz əlləri ilə, öz imkanı ilə tikməyə, həm də dövlətin büdcəsinə az yük düşər. Təbii ki, təhlükəsizlik mülahizələri var, müəyyən başqa məsələlər var. Bunları da anlayıram. Ancaq bu işlər mərhələlərlə görülə bilər.
Adamlar tanıyıram, deyir: "Dövlət öz evimin yerini, öz torpaq payımı mənə versin, başqa heç nə istəmirəm". Hər kəs istəyir, dövlətə kömək etsin bu məsələdə. Əks fikirdə olanlar da var, deyirlər, dövlət özü tikib-qurub versin. Müəyyən insanlar da var, dağıdılmamış yaşayış məntəqələrində, məsələn, Xankəndidə, Hadrutda və sair yaşamağa razıdırlar. Yəni fikirlər haçalanıb. Ancaq evini öz şəhərində, öz kəndində özü tikmək arzusunda olanların sayı daha çoxdur”.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi
Əməkdar jurnalist hesab edir ki, insanlar onillərlə bunu niyyət tutub, əhd eləyib, arzulayıb: “Təbii ki, məsələnin emosional tərəfi ilə yanaşı rasional tərəfi də var. Rasional tərəf ondan ibarətdir ki, əhali bu bölgələrə mümkün qədər tez qayıtmalıdır, orda yaşayış üçün şərait qurulmalıdır, o torpaqlar, o ərzilər öz təbii imkanları, öz əhali gücü, öz işçi qüvvəsi ilə ölkə iqtisadiyyatına və ölkə həyatına mümkün olduqca tez inteqrasiya edilməlidir. Bunları dövlət də qəbul edir, dəstəkləyir”.
Bahəddin Həzinin fikrincə, müəyyən reallıqlar da var: “Birdən-birə minlərlə, on minlərlə insanın o ərazilərə nəzarətsiz buraxılması təhlükəsizlik baxımından sıxıntılı görünür. Eyni zamanda əvvəlcə oralarda infrastruktur qurulub bitməlidir. Bunu da dövlət həyata keçirir. Yəni bu proses göründüyü qədər sadə məsələ deyil. Ancaq insanların öz dədə-baba yurdlarına qayıtmaq, öz evlərini tikib, öz ata ocağında yaşamaq arzularını da anlayışla qarşılamaq lazımdır”.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.