ABŞ-ın sabiq prezidenti Co Baydenin yaxın ətrafı 83 yaşlı siyasətçinin onkoloji xəstəliklə mübarizə apardığı halda ictimai çıxışlarını davam etdirməsindən narahatdır. Bildirilir ki, Bayden şəxsi söhbətlərdə daha yorğun təsir bağışlayır, lakin buna baxmayaraq, ictimai tədbirlərini planlaşdırmağa davam edir.
Publika.az-ın ABŞ mətbuatına istinadla məlumatına görə, Baydenin cümə günü Cənubi Karolinaya səfər edəcəyi gözlənilir. 2020-ci ildə bu ştatda qazandığı qələbə ona Demokratlar Partiyasından namizədliyini irəli sürmək imkanı vermişdi.
"The Washington Post" qəzeti bazar ertəsi Baydenin iki sabiq məmuruna istinadən yazıb ki, son həftələrdə keçmiş prezident şəxsi görüşlərdə daha yorğun görünür.
Mənbələr bunu Baydenə qoyulan diaqnoz - sümüklərə metastaz vermiş 4-cü mərhələ prostat xərçəngi ilə əlaqələndirirlər. Tibbi ekspertlər bu mərhələni sağalmaz hesab edirlər.
May ayında Baydenin ofisi onun xərçəng diaqnozu aldığını açıqlamışdı. Oktyabrda isə demokrat siyasətçi şüa terapiyası kursunu başa vurmuşdu. Bu xəbər bir çoxları tərəfindən müsbət qarşılanmışdı.