Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ Balıkəsirdə məhkəmə binasında görüntülənib.
Milli.Az xəbər verir ki, aktyor iş adamı "Halit Yukay"ın ölümü ilə bağlı aparılan istintaq çərçivəsində şahid qismində ifadə vermək üçün ədliyyəyə gəlib.
Hadisə ötən ilin 4 avqust tarixində baş verib. Məlumata görə, Halit Yukay Yalovadan Bozcaadaya doğru "Graywolf" adlı qayığı ilə hərəkət edərkən Mərmərə dənizində qəzaya uğrayıb. Günlərlə davam edən axtarışlardan sonra iş adamının cəsədi dənizdə tapılıb.
Araşdırmalar zamanı eyni marşrut üzrə hərəkət edən "Arel-7" yük gəmisinin kapitanı Cemal T. saxlanılıb və barəsində həbs qərarı verilib. Lakin sonradan apelyasiya şikayəti əsasında o, sərbəst buraxılıb. İstintaq çərçivəsində qayığın yük gəmisi ilə toqquşduğu ehtimal edilir.
İddialara əsasən, qəza baş verən gün Halit Yukay son olaraq Kıvanç Tatlıtuğla telefonla danışıb. Bu səbəbdən məhkəmə aktyorun şahid qismində dindirilməsinə qərar verib. Tatlıtuğ Balıkəsirin Ərdek rayonundakı məhkəmə binasında ifadə verərək bildiklərini istintaqla bölüşüb.
Qeyd edək ki, iş üzrə məhkəmə prosesi davam edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar: