AZ

Su anbarlarında milyon tonlarla tikinti materialı yatır Deputat problemləri və təklifləri açıqladı

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə haqqında məlumat verən Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, yerin təkindən istifadə sahəsində mövcud problemlərin analizinin nəticələri nəzərə alınmaqla hazırlanmış təkliflər əsasən aşağıdakı məsələləri əhatə edir:

-Yerin təkindən istifadəyə icazə və tələblərin sadələşdirilməsi;

-istismardan sonrakı mərhələdə rekultivasiya işlərinin aparılması;

-sözügedən sahəyə nəzarət edən dövlət qurumu tərəfindən həyata keçirilən monitorinq və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi;

-beynəlxalq təcrübə nəzərə alınmaqla yerin təkindən istifadə ilə bağlı texniki təhlükəsizlik və tikinti, geoloji öyrənmə, tədqiqat və sınaqların aparılması şərtləri;

-mədənlərin bağlanması üzrə dövlət standartlarının hazırlanması;

-mineral xammaldan səmərəli istifadənin təmin olunması istiqamətində tədbirlər.

Komitə sədri vurğulayıb ki, təkliflərin məqsədi yer təkinin istifadəsi sahəsində hüquqi tənzimləmə proseurlarının təkmilləşdirilməsi, təbii ehtiyatlardan istifadənin səmərəliliyinin artırılması, ekoloji təhlükəsizliyin gücləndirilməsi və dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunmasının hüquqi əsaslarının dəqiqləşdirilməsidir: “Məlum olduğu kimi, Prezidentin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə mövcud su anbarlarının təmizlənməsi, təbii və texnogen çirklənmələrin aradan qaldırılması, su resurslarının dayanıqlı idarə edilməsi prioritet vəzifələr kimi qarşıya qoyulub. Təmizləmə işləri nəticəsində uzun illər ərzində anbarlarda toplanmış qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması anbarların hidravlik göstəricilərinin bərpa olunmasına, suyun keyfiyyətinin yüksəlməsinə və ətraf mühitin qorunmasına xidmət etməklə yanaşı, həmçinin milyonlarla kub metr inert materiallarının iqtisadi dövriyyəyə cəlb olunması ilə nəticələnəcək. Diqqətinizə onu da çatdırım ki, hazırda ölkədə 140-dan çox iri və orta su anbarı mövcuddur. Çöküntülərin yığılması nəticəsində bəzi anbarlarda faydalı tutum 15–35 faiz azalıb. Böyük anbarlarda hər il orta hesabla 0,3–1 faiz, kiçik və orta həcmli anbarlarda isə 2–5 faiz tutum itkisi baş verir.

Məsələn, Varvara su anbarında təxminən 40 milyon kubmetr çöküntü toplanıb. Proqnozlaşdırılır ki, bu çöküntülərin təmizlənməsi nəticəsində ilkin hesablamalara görə tikinti və infrastruktur layihələrində istifadə oluna biləcək 12,8 milyon kubmetr qum-çınqıl materialı əldə etmək olar.

Digər mühüm istiqamət tunel və yol infrastruktur layihələrinin icrası zamanı çıxarılan süxurların istifadəsi ilə bağlıdır. Beynəlxalq təcrübədə belə materialların 70–90 faizi yenidən istifadə olunur və iqtisadi dövriyyəyə cəlb edilir. İsveçrənin Gotthard tunelində bu göstərici 80 faiz, London Crossrail layihəsində isə 85 faizdən çox olub”.

S.Qurbanov bildirib ki, respublikamızda həyata keçirilən infrastruktur layihələri, o cümlədən tunellərin və metro stansiyalarının tikintisi zamanı çıxarılan süxur kütləsinin iqtisadi dövriyyəyə cəlb olunması mineral xammal ehtiyatlarından səmərəli istifadəyə və dayanıqlı resurs idarəçiliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verə bilər. Onun sözlərinə görə, ümumilikdə Qanuna təklif olunan dəyişiklik uzun illər ərzində su anbarlarında və ya sututarlarda yığılmış qum, qum-çınqıl və gilin və tunel çəkilişləri zamanı çıxarılan süxurlardan səmərəli istifadəni, dövlət geoloji ekspertizasının tətbiqini, ehtiyatların uçotunun aparılmasını və şəffaf hesabatlılıq mexanizmlərinin formalaşdırılmasını təmin edəcək. 

“Bu yanaşma faydalı qazıntılardan istifadə sahəsində rəqabətli mühitin yaradılmasına və dövlət nəzarətinin gücləndirilməsinə xidmət edəcək”, - o qeyd edib.

Millət vəkili əlavə edib ki, 2024–2025-ci illərdə aidiyəti dövlət qurumları tərəfindən birgə aparılmış monitorinqlər nəticəsində bir sıra yer təki istifadəçilərinin müvafiq normativ hüquqi aktların tələblərinə tam riayət etmədikləri müəyyən edilib. Belə ki istifadəçilər tərəfindən:

-faydalı qazıntı yataqları üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmayıb;

-istismar sahələrində rekultivasiya üzrə layihələndirmə işləri görülməyib;

-dağ-mədən tullantılarından istifadəyə dair qanunvericiliyin tələblərinə əməl olunmayıb;

-faydalı qazıntıların çıxarılması üzrə texniki layihələr tərtib edilməyib;

-texniki, yanğın, qaz və elektrik təhlükəsizliyi tədbirləri görülməyib;

-qurğu və avadanlıqlar texniki və ekoloji təhlükəsizlik tələblərinə cavab verməsi təmin edilməyib;

-əmək qanunvericiliyinin tələblərinə əməl olunmayıb;

-torpaq sahələrinin yerquruluşu planları (xəritələri) hazırlanmayıb;

-tələb yarandığı hallarda torpaq sahələri üzərində mülkiyyət və istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar alınmayıb;

-istismara cəlb edilən torpaqların təyinatı dəyişdirilməyib;

-hesabatlar və digər texniki sənədlər tərtib edilməyib;

-müəyyən edilmiş ödənişlərin həyata keçirilməyib.

Deputat vurğulayıb ki, həmçinin ölkə üzrə faydalı qazıntı yataqlarının əhəmiyyətli hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Onun sözlərinə görə, qeyri-neft sektorunun və sənayenin inkişafı, xammal asılılığının azaldılması məqsədilə bu yataqların istismarı zəruridir: “Lakin hazırda yer təki istifadəçiləri tərəfindən torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpası və artırılması, eləcə də ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə rekultivasiya işlərinə dair sistemli qaydalar mövcud deyildir. Xüsusi qeyd etmək istərdim ki, Qanuna ediləcək dəyişikliyə uyğun olaraq hazırlanacaq yeni qaydalar rekultivasiya institutunu kompleks şəkildə tənzimləyə biləcək. Əlavə olaraq qeyri-filiz faydalı qazıntıların hasilatı prosesində əhəmiyyətli həcmdə istehsal və texnogen tullantılar formalaşır. Hər il formalaşan tullantıların böyük hissəsi iqtisadi dövriyyədən kənarda qalır. Təkrar istifadənin genişləndirilməsi tikinti sektorunun xammal təminatını artıracaq, yeni karxana açılışlarını azaldacaq, ekoloji yükü minimuma endirəcək və istehsal xərclərini aşağı salacaq”.

S.Qurbanov misal olaraq, aparılmış hesablamalara əsasən, ölkə üzrə mişar daşı istehsalı nəticəsində hər il 100-200 min ton istehsal tullantısı yarandığını bildirib: “Mövcud vəziyyətin təhlili göstərir ki, tullantıların təxminən 50 %-i iri sement zavodları tərəfindən sement istehsalında, digər hissəsi isə yol infrastrukturunun qurullmasında və tikinti işlərində istifadə olunur. Səmərəsiz istifadə isə tullantıların sahələrdə yığılaraq torpaq fonduna əlavə yük yaratması ilə nəticələnir.

Nəzərdə tutulan Yeni Qaydaların tətbiqi bu sahədə uçot və hesabatlılıq mexanizminin təkmilləşdirilməsinə, faydalı qazıntılardan səmərəli istifadənin təmin edilməsinə müsbət təsir edəcəkdir. Bu səbəbdən qanun layihəsində tullantıların uçotu, saxlanması, emalı və təkrar istifadəsi üzrə hüquqi mexanizmlərin müəyyən edilməsi nəzərdə tutulur”.

Komitə sədri sonda vurğulayıb ki, qanun layihəsinin qəbul edilməsi ilə yuxarıda göstərilən problemləri hüquqi müstəvidə aradan qaldırmaq mümkün olacaq.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
azpolitika.info

1Mənbələr