İç Anadolu Təbii Qaz Kombinəedilmiş Dövriyyə Elektrik Stansiyası “SOCAR Türkiyə” tərkibində fəaliyyətə başlayıb
Türkiyənin ən böyük birbaşa xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə” ilə GAMA Enerji A.Ş. arasında imzalanmış satış müqaviləsi çərçivəsində Kırıkkaledə yerləşən İç Anadolu Kombinəedilmiş Dövriyyə Təbii Qaz Elektrik Stansiyasının alqı-satqı prosesi tamamlanıb. Artıq elektrik stansiyası “SOCAR Türkiyə” tərkibində fəaliyyətə başlayıb.
870 MVt istehsal gücünə malik olan İç Anadolu Təbii Qaz Kombinəedilmiş Dövriyyə Elektrik Stansiyası 2 fevral tarixindən etibarən “SOCAR Türkiyə” tərkibində fəaliyyət göstərməyə başlayıb. Stansiya Türkiyənin strateji enerji mərkəzlərindən biri kimi elektrik enerjisinin təchizat təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
“SOCAR Türkiyə” bu satınalma ilə mövcud enerji təchizatı və ticarəti fəaliyyətlərini gücləndirir, eyni zamanda təbii qazdan elektrik enerjisinə qədər uzanan (“Gas-to-Power”) dəyər zəncirini tamamlayır. Elektrik ticarətini öz istehsal imkanları ilə dəstəkləyərək portfel çevikliyini və bazar dayanıqlığını əhəmiyyətli dərəcədə artırır. Beləliklə, istehsal fəaliyyəti ilə inteqrasiya olunmuş, davamlı və rəqabətqabiliyyətli dəyər zəncirinin formalaşdırılması hədəfini qətiyyətlə davam etdirir.
“SOCAR Türkiyə” bu investisiya ilə Azərbaycan ilə Türkiyə arasındakı möhkəm dostluq və strateji tərəfdaşlığın enerji sahəsində güclü təzahürünü nümayiş etdirir. Şirkət Azərbaycan və Türkiyə iqtisadiyyatına, məşğulluğa və sosial inkişafa töhfə verən fəaliyyətlərini qətiyyətlə davam etdirir. Eyni zamanda, Türkiyəyə olan uzunmüddətli etimadının göstəricisi olaraq ölkənin enerji təchizatı təhlükəsizliyinə və dayanıqlı inkişaf hədəflərinə töhfə verən strateji investisiyalarını davam etdirməyi qarşıya məqsəd qoyur.
Orxan Vahidoğlu, “İki sahil”