AZ

Data mərkəzləri və süni intellekt Azərbaycanın rəqəmsal iqtisadiyyatının əsas katalizatoruna çevriləcək – ŞƏRH

Bakı, 24 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycanda data mərkəzlərinin yaradılması və süni intellekt texnologiyalarının tətbiqi təkcə texnoloji modernləşmə deyil, ölkə iqtisadiyyatının struktur transformasiyası üçün strateji alətdir. Data mərkəzləri və süni intellekt rəqəmsal iqtisadiyyatın əsas infrastruktur elementləri hesab olunur və bu sahələrə yatırımlar ölkədə məlumatların təhlükəsiz saxlanılması və emalı üçün etibarlı baza formalaşdırır. Bu infrastruktur dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını sürətləndirir, biznes proseslərinin optimallaşdırılmasına şərait yaradır, rəqəmsal sürətin artmasına və idarəetmədə səmərəliliyin yüksəlməsinə xidmət edir.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, professor Zahid Məmmədov Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Professor qeyd edib ki, data mərkəzlərinin qurulması və süni intellektin geniş tətbiqi Azərbaycanın iqtisadiyyatına bir sıra strateji üstünlüklər qazandıra bilər. Bu proses ilk növbədə informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafını sürətləndirir, yüksək əlavə dəyər yaradan xidmətlərin formalaşmasına imkan yaradır və ölkənin rəqəmsal ixrac potensialını artırır. Texnoloji sektorun inkişafı iqtisadi artım üçün yeni mənbəyə çevrilə bilər.

Zahid Məmmədov bildirib ki, süni intellektin tətbiqi sənaye proseslərinin optimallaşdırılması, logistika və təchizat zəncirinin səmərəliliyinin artırılması, elektron idarəetmənin təkmilləşdirilməsi, maliyyə risklərinin daha dəqiq qiymətləndirilməsi, eləcə də kənd təsərrüfatında “ağıllı” texnologiyaların tətbiqi kimi mühüm nəticələr verə bilər. Bu yanaşma xərclərin azaldılmasına, resurslardan daha səmərəli istifadəyə və qərarvermə keyfiyyətinin yüksəlməsinə imkan yaradır.

Ekspert vurğulayıb ki, xüsusilə maliyyə sektorunda fırıldaqçılıq risklərinin azaldılması, rəqəmsal bankçılığın inkişafı üçün geniş imkanlar formalaşır. Eyni zamanda, bu infrastruktur xarici investisiyaların cəlb olunmasına müsbət təsir göstərir və Azərbaycanın coğrafi-strateji mövqeyinin texnoloji dəyərini artırır.

Zahid Məmmədov qeyd edib ki, data mərkəzlərinin inşası və süni intellekt texnologiyalarının tətbiqi Azərbaycanın rəqəmsal transformasiyasının əsas katalizatoruna çevrilib, məhsuldarlığı artıra və iqtisadi diversifikasiyanı gücləndirə bilər: “Bu proses nəticə etibarilə neft kapitalının mərhələli şəkildə insan kapitalına çevrilməsi üçün real imkanlar yaradır. Gələcək rəqabət insan kapitalı üzərində qurulacaq və bu keçid üçün ölkədə artıq geniş potensial formalaşır”.

Seçilən
12
2
azertag.az

3Mənbələr