ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
"Rusiyada qanunsuz miqrasiya ilə mübarizə eyni zamanda saxta sənəd dövriyyəsinə qarşı mübarizəni də əhatə edir"
Son vaxtlar Rusiyada azərbaycanlı diaspor təşkilatlarının rəhbərlərinə qarşı təzyiqlərin artdığı müşahidə olunur. İvanovo vilayətinin “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Asif Məmmədovun Rusiya vətəndaşlığından məhrum edilməsi bunun növbəti nümunəsidir. Rusiyanın Yerli KİV-lərin məlumatına görə, qərar Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən “milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlər” əsaslandırması ilə verilib.
Qeyd edək ki, Asif Məmmədov 2025-ci ilin sentyabrında İvanovo Şəhər Dumasına namizədliyini irəli sürmək istəyib və namizəd kimi qeydiyyatdan keçib. Lakin bu məlumatın dərc olunmasından sonra yaranan onlayn qalmaqala görə İvanovo Seçki Komissiyası onun qeydiyyatını ləğv edib.
Xatırladaq ki, Rusiyada azərbaycanlı diaspor təşkilatlarının rəhbərlərinin Rusiya vətəndaşlığının ləğv olunması məsələsi müntəzəm hal alıb. Belə ki, bundan öncə Rusiyanın Arxangelsk, Moskva, Ulyanovsk vilayətləri, Moskva şəhərinin və digər bir sıra regionlardakı diaspor rəhbərlərinin Rusiya vətəndaşlığı ləğv edilib.
“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Azər Allahverənov “Sherg.az”a açıqlamasında deyib ki, son zamanlar Rusiyada azərbaycanlı miqrantlarla bağlı yaşanan problemlər Azərbaycana ünvanlanan siyasi mesaj kimi deyil, ümumi miqrasiya və vətəndaşlıq siyasətində aparılan sərtləşdirmələrin bir hissəsi kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, Rusiya qanunvericiliyində son illərdə vətəndaşlıqla bağlı bir sıra dəyişikliklər edilib, xüsusilə miqrantların vətəndaşlıq əldə etməsi, Rusiya vətəndaşı ilə nikah əsasında vətəndaşlıq verilməsi kimi məsələlər daha ciddi nəzarət altına alınıb: “Digər post-sovet ölkələrindən olan şəxslərlə bağlı bu kimi xəbərlərə də rast gəlməsəydik, bu qərarları Azərbaycana rəsmi Kreml tərəfindən ünvanlanan siyasi mesaj kimi qəbul edə bilərdik. Lakin eyni zamanda digər respublikalardan olan şəxslərlə bağlı da vaxtaşırı sərt qərarların verildiyini görürük. Miqrasiya sahəsində ciddi dəyişikliklər müşahidə olunur. Xüsusilə miqrasiya qanunvericiliyindəki sərtləşmələr açıq-aydın özünü göstərir. Keçən il Rusiya Federasiyasının vətəndaşlıq və digər əlaqəli sahələrində bir sıra qanunvericilik dəyişiklikləri edilib ki, bu da bir çox yeni məqamları üzə çıxarıb. Vətəndaşlığın verilməsi üçün əsaslar, miqrantların hansı kriteriyalara əsasən vətəndaşlıq əldə edə biləcəyi diqqətlə nəzərdən keçirilməyə başlanıb. Xüsusilə Rusiya vətəndaşı ilə bağlanmış nikah əsasında vətəndaşlığın verilməsi və əldə olunması məsələləri ciddi nəzarət altına alınıb”.
A.Allahverənov qeyd edib ki, Rusiya hökuməti miqrasiya siyasətində çox ciddi və sərt addımlar atır və bu siyasət zaman-zaman post-sovet ölkələrinə qarşı daha da sərtləşdirilə bilir: “Eyni zamanda, Rusiyanın Miqrasiya qanunvericiliyində ortaya çıxan sərt qaydalar və bürokratik maneələr göstərir ki, post-sovet respublikalarından olan miqrantlara münasibət dəyişib. Bunun nəticəsi olaraq, bir çox iqtisadi sahələrdə post-sovet ölkələrindən olan miqrantların iş imkanları məhdudlaşdırılır və onların yerinə Hindistan, Çin və Şimali Koreya kimi ölkələrdən işçi qüvvəsi gətirilir. Düzdür, bir neçə ay əvvəl Hindistandan gələn miqrantlarla bağlı müəyyən ajiotaj müşahidə olunsa da, onların iqtisadiyyatın bəzi sahələrində effektiv fəaliyyət göstərməsi çətinlik törədir. Bunun səbəbi isə həmin sahələrin zamanında post-sovet məkanından gələn miqrantlar tərəfindən tam şəkildə tutulması və Hindistandan gələnlərin həmin sahələrə süni şəkildə daxil olmasının praktiki olaraq mümkün olmamasıdır”.
Rusiyanən siyasi kluarlarında miqrasiya mövzusunun hər zaman aktual olduğunu xatırladan A. Allahverənov bildirib ki, siyasi mərkəzlər də vaxtaşırı olaraq bu məsələdən post- sovet respublikalarına qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə çalışıblar. Son zamanlar Mərkəzi Asiya respublikaları ilə bağlı sərt qərarların verilməsi də bu qəbildəndir.
Deputat hesab edir ki, vətəndaşlarımız ayıq-sayıq olmalıdır:
“Faktiki olaraq, Rusiyada qanunsuz miqrasiya ilə mübarizə eyni zamanda saxta sənəd dövriyyəsinə qarşı mübarizəni də əhatə edir. Son zamanlar bu kontekstdə dilə gətirilən məsələlər əsasən saxta sənəd əsasında yaşamaq icazəsi əldə edən miqrantlarla bağlıdır. Vətəndaşlarımız ucuz qiymətə təqdim olunan miqrasiya sənədlərindən uzaq durmalıdırlar”.
Bununla belə Azər Allahverənov qeyd edib ki, diaspora çərçivəsində fəaliyyət göstərən bir şəxsin bu cür səhlənkarlığa yol verməsi inandırıcı görünmür: “Əgər həmin şəxs uzun müddət Rusiya ərazisində yaşayıb və indiyə qədər qanunla bağlı problem yaşamayıbsa, birdən-birə “milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlər”də ittiham olunaraq vətəndaşlığının ləğv edilməsi əlavə təfərrüatlara ehtiyac doğurur. Aidiyyatı strukturların bu qərarla bağlı daha dərin məlumatları ola bilər, lakin aysberqin görünən üzündə bu hal miqrasiya mövzusu adı altında təqdim edilən siyasi burulğanın bir hissəsidir”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.