Bərk məişət tullantılarının qeyri-effektiv toplanması və emal edilməməsi havanın, suyun və dəniz mühitinin çirklənməsinə səbəb olmaqla yanaşı, iqlim dəyişmələrinin sürətlənməsinə də təsir göstərir.
Bununla belə, tullantıların düzgün və planlı şəkildə idarə olunması ekoloji risklərin azaldılmasına və yeni sosial-iqtisadi imkanların yaranmasına şərait yaradır.
Məsələn, tullantılardan enerji istehsalı və resursların təkrar dövriyyəyə qaytarılması iqtisadi dayanıqlılığı gücləndirməklə yanaşı, resurslardan daha səmərəli istifadəyə imkan verir.
Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) artan qlobal tullantı problemlərinin həlli məqsədilə “Waste Wise Cities”təşəbbüsünü həyata keçirir. Bu proqram şəhərlərdə tullantıların idarə olunması sistemlərinin təkmilləşdirilməsi, məlumatlılığın artırılması və davamlı yanaşmaların tətbiqini təşviq edir.
Evlərdən, bazarlardan, müəssisə və təşkilatlardan yaranan tullantılar bir çox hallarda küçələrə atılır, kanalizasiya sistemlərinə axıdılır, yaşayış məntəqələrinin yaxınlığında yığılır və ya açıq havada yandırılır. Bu isə:
🔹şəhərlərin turist və investorlar üçün cəlbediciliyini azaldır;
🔹daşqın riskini artırır;
🔹hava və suyun çirklənməsinə səbəb olur;
🔹yoluxucu xəstəliklərin yayılmasını sürətləndirir;
🔹tənəffüs və digər sağlamlıq problemlərini artırır.
Şəhərlər tullantılara resurs kimi yanaşmaqla onların idarə olunmasını daha effektiv təşkil edə, qlobal istixana qazı emissiyalarının azalmasına, həm də hava çirklənməsinin minimuma endirilməsinə töhfə verə bilər.