Adətən, qəhrəmanlardan bəhs edən filmlər sonda qəhrəmanın ölümü ilə bitir.
Bizim futbol qəhrəmanımız «Qarabağ» da Avropa səhnəsində öldü. Amma həmişəlik yox, bu sezonluq.
«Qarabağ»ın qəhrəmanlıq etdiyini, boyundan yox, Azərbaycan futbolu səviyyəsindən çox yuxarı tullandığını futbolu anlayan, vicdanı, dürüstlüyü olan hər kəs bilir.
Hələ də bunu anlamayanlara isə deyək ki, «Qarabağ» Azərbaycan futbolunun tarixində ilk dəfə Çempionlar Liqası kimi turnirdə bu mərhələyə gəlib çıxan tək klubdur.
1/16 final bir yana. liqanını əsas mərhələsinin qapısından cəmi ikinci dəfə içəri keçmişik. Hər ikisini də «Qarabağ» bacarıb.
İndi də gələk, «Qarabağ»ın ölüm səhnəsinə. Ləqəbi «sağsağan» olub, özünü qartal kimi aparan «Nyukas»la.
Çempionlar Liqasının pley-off mərhələsi elə bir səviyyədir ki. burada istənilən nəticə, gözlənilməz darmadağınlar qeydə alınır.
«Yuventus»un İstanbulda darmadağını, «Bodo Qlimit»in özündən hər mənada böyük «İnter»ə dərs keçməsi.
Elə həmin «İnteri»n ötən ilin mayındakı finalda - Çempionlar Liqasının finalında PSJ-yə 0:5 hesabıyla uduzması.
Bir tunirin ki finalında «İnter» kimi nəhəng 5 cavabsız qolla uduzursa, «Qarabağ» kimi buralara yad bir klubun 1/16 finalda qapısında 6 qol görməsi dünyanını səkkizinci möcüzəsi deyil.
Biz - azarkeş, media, «Qarabağ»sevərlər Qurban Qurbanovun komandasını çox şişirdə, ondan mümkün olandan artığını gözləyə bilərik.
Amma reallıq odur ki, gücümüz buraya qədər çatdı. «Nyukasl» Premyer Liqanını top klublarından deyil, heyətində Avropda. dünyada adından söz etdirən ulduz da yoxdur.
Heyətlərində ən məşhur ad 35 yaşlı Tripyyerdir ki, onun da «son istifadə müddəti» bu gün-sabah başa çatacaq.
Amma İngiltərə Premyer Liqasının bu ortabab komandası «Qarabağ»a elə bir sürət təklif etdi ki, bizim komanda başını itirdi, nəfəs belə, ala bilmədi.
«Qarabağ»ın məşqçilər korpusundan fərqli olaraq, «Nyukasl» rəqibini çox gözəl təhlil etmişdi, oyuna əla hazırlaşmışdı.
«Qarabağ»ın «Benfika», «Ayaks», «Çelsi» ilə oyunları bu İngiltərədən gələn «sağsağanlar», yəni «Nyuklasl» üçün ibrət dərsi olmuşdu.
Ona görə də oyun başlayan kimi aramsız hücumlar, nəfəskəsici təzyiq, göz açmağa imkan verməyən pressinq - nəticədə artıq 8-ci dəqiqədə ingilislər 2:0 öndəydi. İlk 16 dəqiqədə qapımıza doğru 8 zərbə vurdular - onun 5-i «çərçivə»yə getdi, onların da ikisi qol oldu.
Azərbaycan çempionatında demək olar bir ayaqla oynayan «Qarabağ»ın futbolçuları üçün «Nyukasl»ın belə amansız təzyiqinə dözmək fiziki olaraq işgəncə idi.
Ona görə də Bəhlul Mustafazadənin əzələləri artıq 22-ci dəqiqədə «bəsdir» deyib, dayandı və əsas müdafiəçilırimizdən biri əvəzləndi.
Yeri gəlmişkən, Bəhlul məhz bu oyunda olmaq üçün Çin klubundan aldığı karyerasının nə bahalı müqavilə təklifinə yox» «demişdi.
Bunu hər futbolçu etməzdi, təəssüf ki, Çempionlar Liqasında bir mərhələ belə artıq oynamağı Çinin pulundan üstün tutan Mustafazadənin nəsibi zədə, komandasının ağır məğlubiyyəti oldu.
Bəhlulun yerinə meydana daxil olan Dani Bolt isə heç bir işə yaramadı. Əksinə, hələ rəqibə bir qol da «hədiyyə» etdi.
Entoni Qordon-Nik Voltemade tandemi «Qarabağ»ın müdafiə xəttini pərən-pərən salmışdı. Müdafiəçilərin önündə oynayan, hücumları qarşılamalı olan Yankoviçlə Bikalyo sanki meydanda yox idi.
Mövqeleri dayaq yarımmüdafiəsi olsa da, yarımmüdafiə də. müdafiə də dayaqsız, köməksiz qalmışdı. Rəqib asanlıqla mərkəzdən düz qapımıza doğru gəlirdi.
«Qarabağ» sürətdə və hava toplarında aşkar şəkildə ingilislərə uduzdu. «Nyukasl» öz qapısının ağzından 3-4 ötürməylə bizim cərimə meydançamıza çatırdı. Səviyyə fərqi inanılmaz dərəcədə böyük idi.
Əllə oyuna görə penalti epizoduna gəlincə, bəli, hakimin qərarına etiraz etmək olar. Amma o penalti olmasaydı belə, «Nyukasl» yenə böyük hesabla qalib gələcəkdi.
Faktiki «Qarabağ»ın mənəvi taktiki sxemi rəqib qarşısında tar-mar olmuşdu. Ona görə ilk hissədə Qordon poker etdi,
«Nyukasl» hesabı 5:0-a çatdırıb, 45 dəqiqəqə nəinki bu oyunun, Nyukasldakı cavab görüşünün də taleyini həll etdi.
Artıq oyun əldən getmişdi. Meydanda nə Zubir görünürdü, nə də Duran. Odur ki, Qurban Qurbanov fasilədə hücumu gücləndirməyi deyil, müdafiəni möhkəmləndirib, daha dəhşətli hesabdan qorunmağı üstün tutdu.
Bu mövsüm avrokuboklarda bir dəfə də meydana çıxmayan Bədavi Hüseynov oyuna qoşuldu. 34 yaşlı, oyun praktikası az Bədavidən aqressiv ingilislər qarşısında çox şey gözləmək olmazdı.
Yaınız təcrübəsi və döyüşkən xarakteri panika icində olan komanda yoldaşlarına az-çox ürək-dirək verərdi. Düzdür, altıncı top Bədaviyə toxunub qapıdan keçdi, amma onun yerinə başqa biri də ola bilərdi, təsadüfən belə alındı.
Xoşbəxtlikdən «Nyukasl» da ikinci hissədə bir az insafa gəldi, tempi saldı. əsas fiqurlarını əvəzlədi. Qurbanovun da taktiki dəyişikliyi təsiriin göstərdi və 6:1-lə qurtardıq...
Düzdür, hələ qarşıda cavab oyunu var. Amma bu, sadəcə, Nyukasla turist səfəri kimi bir gedişdir.
Artıq bu möhtəşəm avrokubok mövsümüylə vidalaşıb, yeni sezona baxmalıyıq.
«Qarabağ»ın Bakıda keçirdiyi axşam həm də Ramazan ayının başlanması ilə əlaəqdar niyyət axşamı idi. Futbolla, Çempionlar Liqası ilə bağlı niyyət və dualarımız qəbul olunmadı.
Amma futboldan daha ümdə, daha həyati məsələlər var. Onlarla bağlı bütün niyyət və dualarınızı Allah qəbul etsin. Ramazan ayınız mübarək!
İlkin Fikrətoğlu