AZ

“Deputatın təklif maraqlıdır, amma reallıqdan uzaqdır” Asəf Quliyev

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Ev tikməklə işsizlik həll olunmur”

Millət vəkili Razi Nurullayev keçmiş məcburi köçkünlərə işğaldan azad edilmiş ərazilərdə mənzillərini özlərinin tikməsinə şərait yaradılmasını təklif edib. Parlaementdə çıxışı zamanı millət vəkili deyib ki, keçmiş köçkünlər üçün bu gün evləri dövlət tikir, kommunal şəraiti, infrastrukturu da dövlət qurur: “Amma nəticə nədir? Köçən insanların bir hissəsi bir müddət sonra geri qayıdır.

Səbəb sadədir: iş yeri azdır, dolanışıq zəif, iqtisadi həyat formalaşmayıb. Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır. Dövlət yol çəksin, su, işıq, qaz, internet, məktəb, xəstəxana yaratsın. Amma evlərin tikintisi mərhələli şəkildə, dövlətin nəzarəti və güzəştli mexanizmləri ilə vətəndaşın özünə verilsin. Köçkün öz evini özü tikəndə o torpağa daha çox bağlanır. Tikə-tikə ora öyrəşir, ətrafı tanıyır, dolanışıq yolu axtarır, qonşuluq münasibətləri formalaşır. Bu, psixoloji və sosial baxımdan da daha sağlam modeldir. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də qat-qat ucuz başa gəlir. Vətəndaş öz evini indiki qiymətlərdən iki dəfə daha ucuz məbləğə tikəcək”. Millət vəkili bildirib ki, dövlətin hər şeyi təkbaşına etməsi, bütün maliyyə yükünü üzərinə götürməsi uzunmüddətli həll deyil. Bu, nə büdcə üçün dayanıqlıdır, nə də insanların orada kök salması üçün doğru modeldir.

Əslən Qarabağdan olan araşdırmaçı jurnalist, Jurnalistlərə Hüquqi və Texniki Yardım İctimai Birliyinin sədri Asəf Quliyev isə “Sherg.az”a açıqlamasında millət vəkilinin təklifini maraqlı və cəlbedici adlandırsa da, bunun neqativ hallarla müşayət oluna biləcəyini də dedi: 

- Maraqlı və cəlbedici təklifdir, amma real deyil. Çünki bu cür yanaşma özfəaliyyətə və özbaşınalığa gətirib çıxarar. Bir də dövlət artıq qərar verib və işlər bu qərara uyğun həyata keçirilir. Qərarın dəyişdirilməsi də pis president yaradar. 

A.Quliyev bildirdi ki, hazırda ən ciddi problem iş yerlərinin yaradılmasıdır və bunu həll etməyin başqa yolları tapılmalıdır: 

- Ev tikməklə, iş yerləri məsələsini qarışdırmaq olmaz. Xırda sahibkarlar üçün şərait yaradılmalıdır. Bunun üçün konkret tədbirlər planı olmalıdır. Burda da iki hal nərə alınmalıdır; kənddə yaşayanlar və rayon mərkəzlərində yaşayanlar. Kənddə yaşayanın 20 qoyun və 5 inək saxlamaq üçün şəraiti olmalıdır. Rayon mərkəzində yaşayana, misal üçün mebel sexi açmağa və yaxud avtomobil təmiri sexi açmağa yer verilməli, güzəştlər tətbiq olunmalıdır. Azad olunmuş ərazilərdə torpaq islahatı ilə bağlı konkret addımlar atılmalıdır ki, insanlar doğma yurda qayıdıb nəyə malik olacaqlarını bilsin. Məsələnin başqa bir tərəfi də var. İnsanlar məgər təkcə Qarabağdanmı gəlir Bakıya? Şəkidən, Tovuzdan, Masallıdan, Şəmkirdən, Qubadan, Naxçıvandan Bakıya üz tutanları nə gətirir? Yəni, problem tək azad olunmuş ərazilərlə bağlı deyil. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
sherg.az

1Mənbələr