Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə QHT ictimaiyyəti tərəfindən xüsusi təşəbbüsə start verilib.
QHT.az “Nərmiman Həsənzadə Poetry Challenge” çərçivəsində QHT sədrlərinin ürək sözlərini sizlərlə bölüşür. Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçiyev bildirib:
"Azərbaycanın xalq şairi, yüz minlərin sevimlisi Nəriman Həsənzadənin 95 illik yubileyini qeyd etdik. Bu münasibətlə ölkə başçısı onu Heydər Əliyev ordeni ilə təltif etdi. Nəriman Həsənzadə hər şeydən əvvəl sevgi şairidir və bu sevginin başında yurd sevgisi, vətən sevgisi dayanır. Biz, Azərbaycan Ədəbiyyat Fondu İctimai Birliyi olaraq, sevimli şairimizi bu yubileyi münasibətilə təbrik etdik və onun misralarından ibarət şeir estafeti hazırladıq.
Nəriman Həsənzadənin adı çəkiləndə uşaqlıqdan bəri əzbər bildiyim bir neçə şeir yadıma düşür, o cümlədən:
Elə dayanırsan,
Elə durursan, elə bil qarşında quru bir daşam.
İpək tellərini bir vaxt oxşayan
Elə bil haradasa mən olmamışam.
Səni dostlarımla, tanışlarımla
Mən tanış edərdim nə vaxtsa bir-bir,
İndi özgələri yad ehtiramla
Deyirlər: “Tanış ol...” Nə qəribədir.
İndi isə estafeti Rəşad Məcidə ötürürəm."