AZ

354 məktəb, 9 mindən çox məzmun amma əsas sual: effektiv istifadə varmı?

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Əmrah Həsənli: “Rəqəmsal məktəb”in taleyi texnikadan yox, müəllimin bacarığından asılıdır

“Uğurun əsas şərti texniki platforma deyil, onun pedaqoji məzmunla düzgün doldurulması və müəllimlərin rəqəmsal bacarıqlarının gücləndirilməsidir. Əks halda rəqəmsallaşma formal xarakter daşıya bilər”.

Bu fikri “Sherg.az”a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli bildirdi.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması”na dair mətbuat konfransında “Rəqəmsal məktəb” platforması haqqında danışıb. Qeyd edib ki, bu platforma 354 təhsil müəssisəsini əhatə edir. Platforma 2025-ci ilin sentyabr ayından etibarən Bakı şəhərində tətbiq edilir. Platformadan 543 min 255 şagird, 44 min 552 pedaqoji heyət üzvü və 360 min 709 valideyn istifadə edir. Sistem üzərindən 9 235 rəqəmsal məzmun təqdim olunub.

“Rəqəmsal platforma”nın faydalarını izah edən Ə.Həsənli qeyd etdi ki, bu platfroma mahiyyət etibarilə məktəbin idarə olunmasının, tədris prosesinin, valideyn–məktəb əlaqəsinin və şagird nailiyyətlərinin vahid elektron platforma üzərindən təşkil edilməsidir. Bu, sadəcə elektron jurnal və ya onlayn dərs materialı deyil; bu, məktəbin bütün idarəetmə və tədris mexanizminin rəqəmsal mühitə daşınması deməkdir: 

- Elm və Təhsil Nazirliyinin təqdim etdiyi rəqəmlərə baxdıqda – 354 təhsil müəssisəsi, yüz minlərlə şagird, on minlərlə müəllim və valideyn – biz artıq pilot yox, real tətbiq mərhələsindən danışırıq. 9 mindən çox rəqəmsal məzmunun sistemə yerləşdirilməsi isə göstərir ki, platforma yalnız inzibati alət deyil, həm də pedaqoji resurs bazası kimi formalaşdırılır.

Rəqəmsal məktəbin əsas faydası şəffaflıq, operativlik və izlənilə bilənlikdir. Valideyn övladının davamiyyətini, qiymətləndirilməsini, tapşırıqlarını real vaxt rejimində görə bilir. Müəllim qiymətləndirməni sistemləşdirilmiş formada aparır, hesabatlılıq asanlaşır. Məktəb rəhbərliyi üçün statistik təhlil imkanı yaranır – hansı fəndə geriləmə var, hansı sinifdə davamiyyət problemi var və s. Bu isə qərarverməni daha fakt əsaslı edir.

Ekspert qeyd etdi ki, şagirdlər baxımından isə məsələ bir qədər daha həssasdır: 

- Əgər platforma yalnız qiymət və davamiyyətin qeydiyyatı ilə məhdudlaşarsa, onun şagird üçün dəyəri məhdud olar. Amma əgər sistem interaktiv tapşırıqlar, əlavə izahlı materiallar, fərdi inkişaf trayektoriyası, geribildirim mexanizmi təqdim edirsə, o zaman bu, şagird üçün real öyrənmə alətinə çevrilə bilər. Rəqəmsallaşma yalnız məlumatın elektronlaşdırılması deyil, öyrənmənin fərdiləşdirilməsidir.

Statistikanın açıqlanması özü-özlüyündə müsbət haldır. Bu, ictimai hesabatlılıq deməkdir. Lakin əsas sual budur: istifadə sayı ilə effektiv istifadə arasında fərq varmı? Platformaya daxil olmaq başqa, ondan pedaqoji baxımdan səmərəli yararlanmaq başqadır. Əgər müəllim rəqəmsal resursdan dərsin keyfiyyətini artırmaq üçün istifadə edirsə, valideyn sadəcə qiymət yox, övladının inkişaf dinamikasını izləyə bilirsə və şagird əlavə mənbələrə çıxış əldə edirsə – o zaman biz real faydadan danışa bilərik.

Hesab edirəm ki, “Rəqəmsal məktəb” layihəsi strateji baxımdan doğru istiqamətdir. Müasir təhsil sistemi rəqəmsal alətlərlə inteqrasiya olunmadan inkişaf edə bilməz. Amma uğurun əsas şərti texniki platforma deyil, onun pedaqoji məzmunla düzgün doldurulması və müəllimlərin rəqəmsal bacarıqlarının gücləndirilməsidir. Əks halda rəqəmsallaşma formal xarakter daşıya bilər.

Yekunda deyə bilərəm ki, rəqəmsal məktəb ideya olaraq zəruridir və potensialı böyükdür. İndi əsas məsələ bu potensialın real tədris nəticələrinə necə çevriləcəyidir. Bu isə həm idarəetmənin, həm müəllimin, həm də valideynin rəqəmsal mədəniyyətindən asılıdır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
sherg.az

1Mənbələr