AZ

Gülzar Mustafayeva: Üç faciə arasında paralellər aparmaqla müharibənin dəyişməyən simasını göstərmək istədik

Bakı, 24 fevral, Günel Alıyeva, foto Səfiyar Məcnun, AZƏRTAC

Bu ideyanı təxminən üç ilə yaxındır düşünürdüm. Fikirləşirdim ki, bu mövzunu daha dolğun və təsirli formada necə ifadə edə bilərəm. Nəticədə CBC TV telekanalının baş direktoru Vüqar Xəlilovun dəstəyi və Azərbaycan Respublikasının Audiovizual Şurasının maliyyə yardımı ilə “Xocalı. Üç faciə — bir ağrı” sənədli filmi ərsəyə gəldi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında sənədli filmin ssenari və ideya müəllifi Gülzar Mustafayeva səsləndirib.

Onun sözlərinə görə, ekran əsərinin əsas məqsədi müxtəlif dövrlərdə və fərqli coğrafiyalarda baş vermiş üç faciə arasında paralellər aparmaqdır: 1992-ci ildə törədilmiş Xocalı soyqırımı, keçmiş Yuqoslaviya müharibəsi dövründə 1995-ci ildə baş vermiş Srebrenitsa soyqırımı və İkinci Dünya müharibəsi zamanı, 1942-ci ilin iyununda törədilmiş Liditse (Lidice) kəndinin faciəsi.

“Mən bir qadın və jurnalist olaraq bu üç faciə arasında paralel apararaq, eyni zamanda bir ana kimi müharibənin ağırlığını göstərməyə çalışdım. Çünki fikrimcə, müharibənin ilk gülləsi bəzən məhz anaya, qadına dəyir — istər cəbhə bölgəsində, istərsə də cəbhədən kənarda”, — deyə o vurğulayıb.

G.Mustafayeva qeyd edib ki, filmin çəkilişləri həm Azərbaycanda — Xocalı və Ağdamda, həm də xarici ölkələrdə aparılıb. Yaradıcı heyəti Çexiyada — Praqada, Liditse memorial kompleksində və Terezin (Terezín) həbs düşərgəsində, eləcə də Bosniya və Herseqovinada — Srebrenitsa memorialında çəkilişlər həyata keçirib.

Ssenari müəllifi vurğulayıb ki, Srebrenitsa soyqırımının canlı şahidləri və qurban yaxınları ilə geniş müsahibələr aparılıb, “Srebrenitsa anaları” cəmiyyətinin üzvləri ilə görüşlər keçirilib: “Soyqırımıdan sağ çıxmış insanlarla danışdıq. Onların ifadələri çox ağırdır. Lakin bu həqiqətləri bilmək və eşitmək vacibdir. Çünki müharibə zaman və məkan dəyişsə də, mahiyyət etibarilə eyni qalır. İstər İkinci Dünya müharibəsi, istər Qarabağ müharibəsi, istərsə də Yuqoslaviya müharibəsi olsun — nifrət ideologiyasının, faşizmin və ifrat millətçiliyin siması dəyişmir”.

O əlavə edib ki, vəhşilik və zülm fərqli adlar altında təzahür etsə də, mahiyyətcə eynidir: “Tarix göstərir ki, ədalət gec də olsa, bərqərar edilə bilər. Nürnberq prosesi keçirildi və Liditse faciəsinin günahkarları cəzalandırıldı. Yuqoslaviya üzrə Beynəlxalq Tribunal yaradıldı və soyqırımı törədənlər məsuliyyətə cəlb olundu. Biz də inanırıq ki, Xocalı soyqırımını törədənlər gec-tez beynəlxalq hüquq qarşısında cavab verəcəklər”.

Seçilən
12
2
azertag.az

3Mənbələr