Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə QHT ictimaiyyəti tərəfindən xüsusi təşəbbüsə start verilib.
QHT.az “Nərmiman Həsənzadə Poetry Challenge” çərçivəsində QHT sədrlərinin ürək sözlərini sizlərlə bölüşür. Mirzə Ələkbər Sabir Fondunun sədri, M.Ə.Sabirin nəvəsi Sevda Tahirli:
"Mən də öz növbəmdə hər misrası bir ömürlük xatirə, hər kəlməsi bir unudulmaz mahnı olan, bizimlə birgə yaşlanan və qəlbimizdə heç vaxt köhnəlməyən duyğuların müəllifi, əziz şairimiz Nəriman Həsənzadəni həm 95 illik yubileyi, həm də ölkənin ən ali mükafatı – Heydər Əliyev ordeni ilə təltif olunması münasibətilə təbrik edirəm. Şairimizə can sağlığı və uzun ömür arzulayıram.
İndi isə Nəriman Həsənzadənin canlı bir xatirə dəftərinə çevrilmiş rəngarəng yaradıcılığından bir parçanı təqdim etmək istəyirəm:
“Mənim muğamatım...”
Anam kəlağayılı bir muğam idi,
Muğam da doğmaca öz anam idi.
Anam cəmiyyəti anlatdı mənə,
Muğam da Üzeyiri tanıtdı mənə.
Gördüm bu yollarda yol göstərən var,
Harada muğam varsa, ora Vətən var.
İndi isə sözü Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyevaya verirəm".