"1/8 final mərhələsinə yüksəlmək bizim üçün tarixi bir nailiyyətdir".
QOL.az xəbər verir ki, bu sözləri "Nyukasl"ı baş məşqçisi Eddi Hau Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib.
Ağdam təmsilçisi oyunda 2:3 hesabı ilə uduzub. Bu komandalar arasında ilk matçda da "Nyukasl" qələbə qazanmışdı (6:1). Beləliklə, İngiltərə təmsilçisi 1/8 finala adlayıb, ÇL-də uğurlu mövsüm keçirən "Qarabağ" isə turnirlə vidalaşıb.
E.Hau cavab qarşılaşmasında kiayət qədər yaxşı oynaya bilmədiklərini etiraf edib: "Bu matçın o qədər də yaxşı olduğunu düşünmürəm. Yəqin ki, əsas problemimiz matçın əvvəlində hesabı 2:0 etməyimiz oldu. Daha çox qol vurmaq üçün lazım olan istəyi göstərə bilmədik. İkinci hissədə isə oyun daha açıq keçdi, hər iki komanda tez-tez hücumlara atılırdı. Hesabda 2:0 öndə olduqdan sonra rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik. Çempionlar Liqası bizim üçün möhtəşəm bir təcrübədir. 1/8 finalda rəqibin kimiliyindən asılı olmayaraq hər şeyimizi ortaya qoyacaq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".