AZ

“200 min verirəm, qızımı mənə qaytarın” - Faciəli şəkildə ölən müəllimənin atası narazıdır

BAKI, 25 fevral. TELEQRAF

Bakıda avtomobilin vurması nəticəsində həyatını itirən müəllimə Günay Pirizadə ilə bağlı cinayət işi üzrə məhkəmə hökmü elan edilib.

Teleqraf xəbər verir ki, hadisə ötən gün saat 07:40 radələrində Nizami rayonu Rüstəm Rüstəmov küçəsində qeydə alınıb. Şükür Məhərrəmovun idarə etdiyi “Tofaş Doğan” markalı avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Günay Əli qızı Pirizadəni vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

G.Pirizadə P.İsmayılov adına 278 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olub və hadisə işə gedərkən baş verib.

Təqsirləndirilən Şükür Məhərrəmov ifadəsində göstərib ki, 22 yanvar 2025-ci il tarixdə saat 07:30 radələrində avtomobili ilə hərəkətdə olarkən piyadanı gec gördüyü üçün qəzanın qarşısını ala bilməyib. Onun sözlərinə görə, dərhal “103” təcili tibbi yardım xidmətinə zəng edib, polis əməkdaşlarına da özünü təqdim edib. Sürücü bildirib ki, spirtli içki qəbul etməyib, avtomobil saz vəziyyətdə olub, hadisədən sonra sərxoşluq müayinəsindən keçib. O, hadisədən sonra zərərçəkmişin ailəsi ilə dəfələrlə barışığa cəhd göstərdiyini, lakin qarşı tərəfin razılaşmadığını deyib. Təqsirləndirilən şəxs özünü qismən təqsirli saydığını, eyni zamanda hadisənin qarşısını almağın mümkün olmadığını iddia edib və məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş edib.

Zərərçəkmişin atası Əli Pirizadə isə məhkəmədə bildirib ki, Günay ailənin böyük övladı olub, Bakıda yaşayıb və Suraxanı rayonundakı 278 saylı tam orta məktəbdə müəllimə işləyib. Hadisə günü ona zəng edərək qızının piyada keçidində vurulduğunu deyiblər. Bakıya gəldikdə isə artıq övladının vəfat etdiyini öyrənib.

O, qızının piyada keçidində vurulduğunu, sürücünün yüksək sürətlə hərəkət etdiyini iddia edib və hadisədən sonra ailəsinə pul təklif edilməsindən narazılığını ifadə edib. Əli Pirizadə məhkəmədə bildirib ki, ona 20 min manat təklif edilib, lakin o, “200 min manat verirəm, qızımı mənə qaytarın” deyərək bununla razılaşmayıb. Zərərçəkmiş tərəf təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu və məhkəmədən ən ağır cəzanın təyin edilməsini xahiş edib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə Şükür Məhərrəmov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. O, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.

Zərəçəkmiş tərəf hökmdən narazı qalaraq apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Seçilən
37
teleqraf.com

1Mənbələr