AZ

"Opel" təhlükəsizlik qüsuruna görə bir milyona yaxın avtomobili geri çağırır

"Opel" təhlükəsizlik qüsuruna görə bir milyona yaxın avtomobili geri çağırır

Almaniyanın avtomobil nəhəngi "Opel" şirkəti "Takata" istehsalı olan təhlükəsizlik yastıqlarındakı qüsurlar səbəbindən dünya üzrə 900 mindən çox avtomobili geri çağırır.

AFN.az xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bildirilir ki, servis kampaniyası sürücü tərəfdəki təhlükəsizlik yastığının qaz generatorunda aşkar edilmiş problemlə bağlıdır. Qəza anında yastıq açılarkən generator daxilində yaranan izafi təzyiq modulun gövdəsinin parçalanmasına və metal qəlpələrin salonun daxilinə dağılmasına gətirib çıxara bilər ki, bu da sürücü və sərnişinlər üçün ölümcül xəsarət riski yaradır.

İstehsalçının məlumatına əsasən, Almaniyada 8 705 avtomobil geri çağırılsa da, qlobal miqyasda bu rəqəm 900 mindən çoxdur. Kampaniya 2003-2018-ci illər arasında istehsal olunmuş "Astra", "Cascada", "Meriva", "Mokka", "Vectra", "Zafira" və "Signum" modellərini əhatə edir. Avtomobil sahiblərinə nəqliyyat vasitələrinin bu siyahıya düşüb-düşmədiyini rəsmi saytdakı VIN-kod vasitəsilə və ya diler mərkəzlərində yoxlamaq tövsiyə olunur. Qüsurlu detalların dəyişdirilməsi istehsalçı tərəfindən tamamilə ödənişsiz həyata keçiriləcək. Bəzi ölkələrin tənzimləyici orqanları isə nasazlıq aradan qaldırılana qədər bu avtomobillərin istismarını müvəqqəti dayandırmağı tələb ediblər.

Yaponiyanın "Takata" şirkəti ilə bağlı bu qalmaqal dünya avtomobil sənayesi tarixinin ən böyük böhranlarından biri hesab edilir. 2000-ci illərin əvvəllərindən qeydə alınan bu problem nəticəsində indiyədək 20-dən çox istehsalçının 100 milyondan çox avtomobili servisə cəlb olunub. Hətta şirkətin 2017-ci ildə müflis elan edilməsindən sonra da avtomobil konsernləri bu kütləvi geri çağırma prosesini davam etdirməyə məcburdurlar, çünki böhranın fəsadları hələ də bazara təsir göstərməkdədir.

Seçilən
31
afn.az

1Mənbələr