GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Regionda hərbi gərginliyin artdığı bir vaxtda ABŞ-ın ən müasir aviadaşıyıcılarından biri olan “USS Gerald R. Ford”un bölgəyə göndərilməsi müzakirələrə səbəb olub. Belə ki, elektromaqnit katapult sistemi ilə təchiz olunan və nüvə reaktoru ilə işləyən bu gəminin təxminən 20-25 illik fasiləsiz fəaliyyət imkanına malik olduğu bildirilir. Bəzi dairələr onu yüksək texnoloji imkanlarına görə “fəlakət gəmisi” kimi xarakterizə edir.
İddialara görə, bu tip hərbi platformaların bölgədə mövcudluğu müxtəlif və gözlənilməz nəticələr doğura bilər. Hətta müəyyən hadisələr zamanı texnoloji sistemlər vasitəsilə təbii görünən, lakin süni xarakter daşıyan proseslərin baş verə biləcəyi barədə fikirlər də səsləndirilir.
Belə yüksək texnologiyalı gəmilərin elektromaqnit sistemlərinin potensial istifadəsi ilə bağlı “süni fəlakət” ssenariləri nə dərəcədə realdır? Bunun region təhlükəsizliyinə təsiri necə qiymətləndirilə bilər?
Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, ABŞ Yaxın Şərqdə son illərin ən böyük hərbi qüvvəsini yerləşdirib:
“Abraham Lincoln”dan sonra Amerika dünyanın ən böyük aviadaşıyıcılarından biri olan “Gerald R. Ford”u regiona göndərdi, əlavə olaraq “George H.W. Bush” aviadaşıyıcısının da ehtiyat variant kimi Yaxın Şərqə yönləndirilməsi nəzərdə tutulur. “Abraham Lincoln” bölgəyə gələndə İranla bağlı proseslər fonunda ABŞ-ın zərbə endirəcəyi iddiaları səslənirdi. Həmin vaxt da qeyd edirdim ki, bu ssenari inandırıcı görünmür. Çünki İranın da cavab zərbələri qaçılmaz olardı və onların qarşısını almaq asan deyil. Lakin hazırkı mərhələdə “Gerald R. Ford”un bölgəyə göndərilməsi ilə vəziyyət dəyişib. ABŞ-ın Yaxın Şərqdə, xüsusilə İran ətrafında hərbi mövcudluğu xeyli güclənib və demək olar ki, güc balansı dəyişib. Bu aviadaşıyıcının imkanları daha genişdir. Belə ki, üzərində yerləşən döyüş və kəşfiyyat təyyarələri, hava hücumundan müdafiə sistemləri, müşayiət edən raket imkanları, peyk əlaqə sistemləri və digər texniki parametrlər onu ciddi hərbi gücə çevirir”.
Səxavət Məmməd
Ekspert bildirib ki, “Abraham Lincoln”un gəlişi zamanı İrana zərbə ehtimalı inandırıcı görünmürdüsə, “Gerald R. Ford”dan sonra bu ssenari daha real təsir bağışlayır:
“Hesab edirəm ki, ABŞ və İran danışıqlar masasında razılığa gələ bilməsələr, hərbi zərbələr istisna deyil və bu, region üçün ciddi təhlükə yarada bilər. Tehranla Vaşinqton arasında açıq toqquşma başlasa, proses yalnız iki ölkə ilə məhdudlaşmayacaq. Husilərin qoşulması ABŞ-ı Yəmən istiqamətində əməliyyatlara məcbur edə bilər. “Hizbullah”ın prosesə daxil olması Livan istiqamətində, paralel olaraq İsrailin və ABŞ-ın hərbi addımlarını gündəmə gətirə bilər. İraqda Ayətullah Sistaninin fətvası olarsa, həmin istiqamətdə də ciddi gərginliyin yaranması mümkündür Bu isə regionun genişmiqyaslı qarşıdurma ilə üz-üzə qalması deməkdir. Belə bir ssenaridə Çin və Rusiya münaqişənin uzanmasında maraqlı ola bilərlər. Müharibənin uzunmüddətli xarakter alması Yaxın Şərqə, hətta bizim regiona qədər ağır nəticələr vəd edir. Bu baxımdan hazırkı mərhələdə toqquşmanın qarşısının alınması həm bizim region, həm də ətraf ölkələr, xüsusilə Fars körfəzi üçün daha məqsədəuyğundur. Əks halda, proseslərin ağır və nəzarətdən çıxması qaçılmaz görünür”.
Ləman İmran
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.