AZ

Qərbi Azərbaycan şəhərləri və yaşayan xatirələr

Qərbi Azərbaycan anlayışı tarix və coğrafiya baxımından Cənubi Qafqazın mərkəzi hissəsində yerləşən, əsrlər boyu Azərbaycan türk etnosunun kompakt yaşadığı geniş bir arealı əhatə edir. Bu areala İrəvan xanlığının ərazisi, Göyçə gölü hövzəsi, Zəngəzur mahalı, Dərələyəz, Abaran, Vedibasar, Sürməli və digər tarixi bölgələr daxil olmuşdur. Mənbələrdə bu ərazilər müxtəlif dövrlərdə Arran, Azərbaycan vilayətləri və ya konkret inzibati-siyasi vahidlər kimi qeyd edilmişdir. 

Coğrafi baxımdan Qərbi Azərbaycan Şərqi Anadolu, Naxçıvan və Qarabağla təbii-iqtisadi əlaqələrə malik vahid bir məkandır. Orta əsr müsəlman coğrafiyaçıları və tarixçiləri bu bölgəni inkişaf etmiş əkinçilik, maldarlıq və ticarət mərkəzi kimi təsvir etmişlər. İrəvan, Naxçıvan və Təbriz istiqamətində uzanan karvan yolları Qərbi Azərbaycanın regional iqtisadi sistemdə mühüm yer tutduğunu göstərir. Çay şəbəkəsi, münbit torpaqlar və dağətəyi yaylaqlar burada oturaq və yarımköçəri həyat tərzinin paralel inkişafına şərait yaratmışdır. Bu coğrafi xüsusiyyətlər regionda kənd və şəhər mədəniyyətinin harmonik şəkildə formalaşmasına səbəb olmuşdur.

XVIII əsrin ortalarından etibarən Qərbi Azərbaycan ərazisi İrəvan xanlığının tərkibində siyasi-inzibati baxımdan vahid sistem kimi fəaliyyət göstərmişdir. İrəvan xanlığı Azərbaycan dövlətçilik ənənələrinin davamı olaraq yerli əhali üzərində inzibati nəzarəti təmin etmiş, şəhərsalma, vergi sistemi və müdafiə strukturları formalaşdırmışdır. Xanlıq dövründə əhalinin əsas hissəsini azəri  türkləri təşkil etmiş, etnik və dini müxtəliflik isə şəhər həyatında qarşılıqlı münasibətlər çərçivəsində tənzimlənmişdir.

XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazı işğalı Qərbi Azərbaycanın tarix və coğrafiya strukturunda köklü dəyişikliklərə yol açmışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra regionda məqsədyönlü köçürmə siyasəti həyata keçirilmiş, İran və Osmanlı ərazilərindən erməni əhalinin kütləvi şəkildə Qərbi Azərbaycana yerləşdirilməsi təşviq olunmuşdur. Bu proses nəticəsində bölgənin demoqrafik balansı tədricən dəyişdirilmiş, azəri türkləri  isə müxtəlif təzyiq və məhdudiyyətlərlə üzləşmişdir.

XX əsrin əvvəllərində baş verən siyasi proseslər,  müharibələr, inqilablar və yeni dövlət sərhədlərinin müəyyənləşdirilməsi  Qərbi Azərbaycanın tarixi-coğrafi məkan kimi parçalanmasını sürətləndirmişdir. 1918-1920-ci illərdə və daha sonra sovet hakimiyyəti dövründə aparılan inzibati bölgülər bu ərazilərin Azərbaycanla təbii-coğrafi və tarixi bağlarını zəiflətmişdir. 1948-1953-cü illər deportasiyaları isə Qərbi Azərbaycanın türk  əhalisinin böyük hissəsinin doğma yurdlarından zorla çıxarılması ilə nəticələnmiş, tarixi coğrafiya faktiki olaraq etnik cəhətdən yenidən formalaşdırılmışdır. Beləliklə, Qərbi Azərbaycan tarix və coğrafiya baxımından süni şəkildə dəyişdirilmiş, lakin tarixi yaddaşda və elmi mənbələrdə öz bütövlüyünü qoruyan bir məkandır.

İrəvan: itirilmiş paytaxtın yaddaşı. İrəvan şəhəri tarixi baxımdan Qərbi Azərbaycanın siyasi, inzibati və mədəni mərkəzi kimi formalaşmış, əsrlər boyu dövlətçilik və şəhər mədəniyyətinin mühüm dayaqlarından biri olmuşdur. Orta əsr mənbələrində Revan, İrəvan və ya Erivan adları ilə qeyd olunan bu şəhər strateji-coğrafi mövqeyi, ticarət yollarının üzərində yerləşməsi və inkişaf etmiş şəhər infrastrukturu ilə seçilmişdir. İrəvan yalnız hərbi-strateji qala şəhəri deyil, eyni zamanda sənətkarlıq, ticarət, maarifçilik və dini həyatın cəmləşdiyi çoxşaxəli urbanistik mərkəz idi. Daha əvvəllər isə şəhər Ərburuni adlanmışdır. Bu isə türkcədən ərlərin, kişilərin bulunduğu məkan anlamına gəlir.

XVIII əsrdə İrəvan xanlığının paytaxtı kimi şəhər Azərbaycan xanlıqlar sistemində xüsusi yer tutmuşdur. Xanlıq dövründə İrəvanda onlarca məscid, mədrəsə, karvansara, hamam və bazar fəaliyyət göstərmiş, şəhərin sosial-mədəni həyatı Şərq şəhərsalma ənənələrinə uyğun şəkildə inkişaf etmişdir. İrəvan qalası, Göy məscid, Sərdar sarayı kimi memarlıq nümunələri şəhərin Azərbaycan-türk mədəni kimliyinin maddi təcəssümü idi. Əhalinin etnik tərkibində azəri türkləri üstünlük təşkil etmiş, digər icmalar isə şəhər həyatında tabeçilik və qarşılıqlı münasibətlər çərçivəsində mövcud olmuşdur.

XX əsrin əvvəllərində baş verən siyasi qarşıdurmalar, 1918-1920-ci illər hadisələri və daha sonra sovet hakimiyyəti dövründə aparılan siyasət İrəvanın azəri türk əhalisinin şəhərdən demək olar tam çıxarılması ilə nəticələnmişdir. Məscidlərin dağıdılması və ya təyinatının dəyişdirilməsi, qəbiristanlıqların məhv edilməsi, yaşayış məhəllələrinin adlarının dəyişdirilməsi şəhərin tarixi yaddaşının silinməsinə yönəlmiş ardıcıl addımlar idi. İrəvanın urbanistik məkanı yeni ideoloji çərçivəyə uyğun yenidən formalaşdırılmışdır. Bununla belə İrəvanın itirilməsi yalnız fiziki məkanın itirilməsi anlamına gəlmir. Şəhər azəri türklərinin  kollektiv yaddaşında "itirilmiş paytaxt" obrazı kimi yaşayır. 

Göyçə mahalı: təbiət və yaddaşın sintezi. Göyçə mahalı Qərbi Azərbaycanın tarixi-coğrafi məkanında təbiət ilə insan yaddaşının ən sıx vəhdət təşkil etdiyi bölgələrdən biri olmuşdur. Göyçə gölü hövzəsində yerləşən bu mahal zəngin su ehtiyatları, münbit torpaqları, dağətəyi yaylaqları və əlverişli iqlim şəraiti ilə əsrlər boyu Azərbaycan türklərinin  məskunlaşdığı mühüm yaşayış arealı kimi formalaşmışdır. Təbiətin verdiyi bu imkanlar burada oturaq kənd təsərrüfatı, maldarlıq və balıqçılığın paralel inkişafına, eyni zamanda güclü icma münasibətlərinin yaranmasına şərait yaratmışdır.

Tarixi mənbələr və etnoqrafik materiallar göstərir ki, Göyçə mahalı Azərbaycan xalqının mədəni irsində xüsusi yer tutmuşdur. Bu bölgə aşıq sənətinin mühüm mərkəzlərindən biri kimi tanınmış, Aşıq Ələsgər başda olmaqla onlarca görkəmli söz və saz ustası yetişdirmişdir. Göyçə aşıq mühiti yalnız bədii yaradıcılıq deyil, həm də tarixi yaddaşın, sosial münasibətlərin və mənəvi dəyərlərin qorunub saxlanıldığı canlı mədəni institut funksiyasını yerinə yetirmişdir. Dastanlar, qoşmalar və el şeirləri mahalın tarixini, köçləri və itkiləri yaddaşda saxlayan bədii vasitələrdən olmuşdur.

XX əsrdə həyata keçirilən deportasiya siyasəti Göyçə mahalının sosial və mədəni strukturuna ağır zərbə vurmuşdur. 1948-1953-cü illərdə Azərbaycan türklərinin kütləvi şəkildə doğma yurdlarından çıxarılması nəticəsində kəndlər boşalmış, əsrlər boyu formalaşmış icma münasibətləri dağılmışdır. Təbiətlə insan arasında qurulmuş harmonik əlaqə zorakı şəkildə qırılmış, Göyçə mahalı demoqrafik və mədəni baxımdan süni transformasiyaya məruz qalmışdır.

XX əsrin əvvəllərində Cənubi Qafqazda gedən siyasi proseslər Zəngəzurun taleyində həlledici rol oynamışdır. 1918-1920-ci illərdə baş verən silahlı toqquşmalar, ardınca sovet hakimiyyətinin qurulması ilə aparılan inzibati-siyasi qərarlar bölgənin tarixi-coğrafi bütövlüyünü pozmuşdur. Zəngəzurun Azərbaycanın əsas ərazilərindən ayrılması yalnız inzibati dəyişiklik deyil, eyni zamanda tarixi əlaqələrin, iqtisadi bağların və sosial münasibətlərin qırılması demək idi.

Sovet dövründə və xüsusilə sonrakı mərhələlərdə Zəngəzurda Azərbaycan türklərinə  qarşı aparılan təzyiq və köçürmə siyasəti nəticəsində bölgənin demoqrafik strukturu köklü şəkildə dəyişdirilmişdir. Kəndlərin boşaldılması, yaşayış məkanlarının dağıdılması və toponimlərin erməniləşdirilməsi Zəngəzurun tarixi yaddaşının silinməsinə yönələn ardıcıl siyasətin tərkib hissəsi olmuşdur. Bu proseslər nəticəsində təkcə əhali deyil, həm də əsrlər boyu formalaşmış sosial-mədəni sistem dağılmışdır.

Zəngəzurun itirilməsi Qərbi Azərbaycanın ümumi taleyində xüsusi simvolik məna daşıyır. Bu bölgə təkcə ərazi itkisi deyil, həm də Azərbaycan xalqının tarixi-coğrafi bütövlüyünün pozulmasının bariz nümunəsidir. Ailə bağlarının qırılması, məzarların geridə qalması, yaylaq-qışlaq yollarının itirilməsi Zəngəzur yaddaşını dərin travmatik tarixə çevirmişdir. Bu gün Zəngəzur anlayışı yalnız keçmişi xatırlatmır, həm də regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya xətləri və geosiyasi balans məsələləri kontekstində aktual olaraq qalır. Tarixi baxımdan Zəngəzur Qərbi Azərbaycanla Naxçıvan arasında təbii körpü olmuşdur və bu körpünün qırılması regionda uzunmüddətli siyasi və sosial nəticələr doğurmuşdur. Beləliklə, Zəngəzur həm strateji məkan, həm də qırılmış tarixi bağların simvolu kimi Qərbi Azərbaycan yaddaşında xüsusi yer tutur.

Şəhər adlarının dəyişdirilməsi və yaddaş siyasəti. Qərbi Azərbaycanda həyata keçirilən ən sistemli və məqsədyönlü siyasətlərdən biri şəhər və kənd adlarının dəyişdirilməsi olmuşdur. Toponimlərin dəyişdirilməsi təkcə inzibati xarakterli akt deyil, həm də tarixi yaddaşın silinməsinə yönəlmiş ideoloji və siyasi alət kimi çıxış etmişdir. Çünki coğrafi adlar həmin ərazinin etnik mənsubiyyətini, tarixi keçmişini və mədəni kimliyini əks etdirən simvolik daşıyıcılardır.

XIX əsrin əvvəllərindən etibarən, xüsusilə Rusiya imperiyası dövründə və daha intensiv şəkildə XX əsrdə Qərbi Azərbaycan ərazisində minlərlə Azərbaycan mənşəli toponim mərhələli şəkildə dəyişdirilmişdir. İrəvan, Zəngəzur, Göyçə və digər bölgələrdə şəhər, kənd, çay, dağ və yaylaq adlarının erməniləşdirilməsi nəticəsində tarixi coğrafiya süni olaraq yenidən formalaşdırılmışdır. Bu proses təkcə adların dəyişdirilməsi ilə məhdudlaşmamış, eyni zamanda həmin adların tarixi izahının da rəsmi diskursdan çıxarılması ilə müşayiət olunmuşdur.

Toponim siyasəti deportasiya və etnik təmizləmə prosesləri ilə paralel aparılmışdır. Əhali fiziki olaraq ərazidən çıxarıldıqdan sonra onun geridə qoyduğu izlər - adlar, abidələr, qəbiristanlıqlar  sistemli şəkildə aradan qaldırılmışdır. Beləliklə, yeni nəsillər üçün həmin məkanların tarixi mənşəyi yox edilmişdir. Bu, yaddaşın zorakı olaraq yenidən kodlaşdırılması demək idi.

Şəhər adlarının dəyişdirilməsi Qərbi Azərbaycanda aparılan yaddaş siyasətinin əsas sütunlarından birini təşkil etmişdir. Tarixi adların yox edilməsi ilə kollektiv yaddaşın zəiflədilməsi, alternativ tarix narrativinin formalaşdırılması və beynəlxalq ictimai rəyin istiqamətləndirilməsi hədəflənmişdir. Bu baxımdan toponim dəyişiklikləri təkcə daxili inzibati qərarlar deyil, həm də uzunmüddətli siyasi-strateji layihənin tərkib hissəsi olmuşdur. Bununla belə dəyişdirilmiş toponimlər tarixi yaddaşlardan tam silinə bilməmişdir. Azərbaycan elmi ədəbiyyatında, arxiv sənədlərində, xəritələrdə və xüsusilə deportasiya olunmuş ailələrin şifahi yaddaşında bu adlar yaşamaqda davam edir. 

Yaşayan xatirələr: şifahi tarix və ailə yaddaşı. Qərbi Azərbaycanın itirilmiş şəhərləri və kəndləri bu gün fiziki reallıqdan daha çox yaddaş məkanları kimi mövcuddur. Deportasiya olunmuş ailələrin nəsilləri üçün İrəvanın küçələri, Göyçənin kəndləri, Zəngəzurun dağ yolları xəritələr üzərində deyil, ailə söhbətlərində, xatirələrdə, aşıq yaradıcılığında və yaddaş narrativlərində yaşayır. Babaların, nənələrin danışdığı hekayələr, köhnə evlərin təsviri, itirilmiş məzar yerləri və yarımçıq qalan həyat yolları bu məkanların canlı təsəvvürünü formalaşdırır.

Şifahi tarix Qərbi Azərbaycan məsələsində xüsusi əhəmiyyət daşıyır. Çünki rəsmi sənədlər və statistik materiallar çox vaxt deportasiyaların insan talelərində yaratdığı faciəni tam əks etdirə bilmir. Ailə yaddaşında qorunan hekayələr isə bu proseslərin sosial-psixoloji ölçülərini üzə çıxarır. Köç anları, geridə qoyulan evlər, yarımçıq qalan təsərrüfatlar və itirilmiş qohumluq əlaqələri şifahi tarix vasitəsilə nəsildən-nəslə ötürülür və tarixi hadisələrə insani ölçü qazandırır. Ailə albomları, köhnə məktublar, şəhadətnamələr və şəxsi sənədlər Qərbi Azərbaycanın maddi olmayan irsinin mühüm tərkib hissəsidir. 

Qərbi Azərbaycan mövzusunun tədqiqində elmi-publisistik yanaşma xüsusi metodoloji və ictimai əhəmiyyətə malikdir. Bu yanaşma bir tərəfdən tarixi faktların, arxiv sənədlərinin və elmi təhlilin obyektivliyini qoruyur, digər tərəfdən isə insan talelərini, emosional yaddaşı və kollektiv travmanı oxucuya daha anlaşılan və təsirli formada təqdim edir. 

Eyni zamanda elmi publisistika gələcək tədqiqatlar üçün intellektual körpü rolunu oynayır. Bu janrda yazılan məqalələr yeni suallar formalaşdırır, mövcud narrativləri təkrar düşünməyə vadar edir və gənc tədqiqatçıların mövzuya marağını artırır. Qərbi Azərbaycan məsələsində bu xüsusiyyət xüsusilə vacibdir, çünki mövzu həm tarix, həm də çağdaş siyasi reallıqlarla sıx bağlıdır.

Beləcə, Qərbi Azərbaycan şəhərləri, kəndləri və mahalı yalnız xəritələrdə mövcud deyil, onlar insan yaddaşında, şifahi tarixdə, ailə xatirələrində və mədəni irsdə yaşayır. İrəvanın küçələri, Göyçənin kəndləri, Zəngəzurun dağ yolları və dəyişdirilmiş toponimlər - bütün bu elementlər kollektiv yaddaşın, milli kimliyin və tarixi ədalətin əsas simvollarıdır. Qərbi Azərbaycanın şəhərlərinin tarixi, mədəni və demoqrafik təhlili göstərir ki, keçmişin hadisələrini yalnız xatırlamaq kifayət deyil, onları analiz etmək, şifahi və yazılı yaddaş vasitəsilə qorumaq və gələcək nəsillərə çatdırmaq tarixi məsuliyyətin tərkib hissəsidir. Beləliklə, Qərbi Azərbaycan məsələsi təkcə tarixçi və politoloqların deyil, bütün Azərbaycan xalqının diqqətini tələb edən, milli yaddaş və kimlik məsələsi olaraq qalır.

Gülgün QULİYEVA,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr