AZ

Minimum əməkhaqqı inflyasiyaya bağlanır: Bu nə deməkdir?

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Minimum əməkhaqqı ilə bağlı yeni dəyişiklik təsdiqlənib. İlham Əliyev tərəfindən imzalanan “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, minimum əməkhaqqının məbləğinə baxılmasının dövriliyi təmin ediləcək. Bu qərar minimum maaşın sosial-iqtisadi şəraitə uyğun, daha çevik və sistemli şəkildə artırılmasına imkan yaradacaq.Dəyişikliklər ölkə üzrə minimum əməkhaqqı alan bütün işçilərə, eləcə də əmək münasibətlərində olan işəgötürən və işçilərə şamil olunur. Yeni mexanizm minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı inflyasiya göstəricilərinin, istehlak səbətinin dəyərinin, milli valyutanın alıcılıq qabiliyyətinin, əmək bazarındakı vəziyyətin və ölkənin iqtisadi inkişaf tempinin nəzərə alınmasını nəzərdə tutur. Bu isə qərarların daha real iqtisadi mənzərəyə uyğun qəbul edilməsinə şərait yaradacaq.Qanun 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli sənəd əsasında təsdiqlənib və müvafiq fərmanla tətbiqinə başlanılıb. Yeni qaydalar imzalandığı tarixdən qüvvəyə minir və növbəti dövrlərdə minimum əməkhaqqına yenidən baxılması artıq bu mexanizm çərçivəsində həyata keçiriləcək.Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, qəbul edilən dəyişikliklər minimum əməkhaqqının müəyyənləşdirilməsi prosesini daha şəffaf və əsaslandırılmış edəcək:“İndiyədək minimum əməkhaqqının artırılması daha çox konkret qərarlar və müəyyən dövrlərdə qəbul edilən sosial paketlər çərçivəsində həyata keçirilirdi. Yeni dəyişiklik isə bu prosesi sistemli mexanizmə çevirir. Artıq minimum əməkhaqqına baxılması üçün iqtisadi göstəricilərə əsaslanan hüquqi baza formalaşır. Bu o deməkdir ki, qərarlar subyektiv yanaşmaya deyil, real statistik və makroiqtisadi göstəricilərə əsaslanacaq”.Ekspertin sözlərinə görə, yeni yanaşma vətəndaşların real gəlirlərinin qorunmasına xidmət edir:“Əgər inflyasiya səviyyəsi artırsa, bazarda qiymətlər yüksəlirsə və əhalinin alıcılıq qabiliyyəti zəifləyirsə, minimum əməkhaqqının əvvəlki səviyyədə qalması sosial balansı poza bilər. Yeni mexanizm hökumətə iqtisadi dəyişikliklərə operativ reaksiya vermək imkanı yaradır. Bu, xüsusilə aşağı gəlirli əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.R.Abasbəyli qeyd edib ki, burada söhbət əməkhaqqının azaldılmasından getmir:“Qanunun mahiyyəti minimum əməkhaqqının azaldılması deyil. Əksinə, məqsəd onu dövrün tələblərinə uyğunlaşdırmaq, zərurət yarandıqda artırmaq və əlavə mexanizmlərlə dəstəkləməkdir. Bu yanaşma sosial siyasətin daha çevik həyata keçirilməsinə imkan verəcək”.Ekspert əlavə edib ki, dəyişiklik həm də əmək bazarında proqnozlaşdırıla bilən mühit yaradır:“Minimum əməkhaqqının müəyyənləşdirilməsi ilə bağlı meyarların dəqiqləşdirilməsi işəgötürənlər üçün də aydın çərçivə formalaşdırır. Bu, biznes mühitində planlaşdırmanı asanlaşdıracaq, eyni zamanda sosial ədalət prinsipinin qorunmasına xidmət edəcək. Nəticə etibarilə həm iqtisadi sabitlik, həm də vətəndaşların sosial rifahı baxımından daha balanslı sistem qurulmuş olacaq”.

Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
demokrat.az

1Mənbələr