Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Faiq Hüseynovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti dövlət ittihamçısı tərəfindən təqdim edilmiş dəyişikliyə uyğun olaraq təmin olunub, Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Faiq Hüseynov barəsində Milli Məclisin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 2.11-ci bəndi tətbiq edilməklə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təyin edilmiş 1000 manat miqdarında cərimə cəzasından azad olunub.
İttihama görə, Faiq Hüseynov 21 dekabr 2024-cü il tarixdə, saat 20:30 radələrində sərxoş vəziyyətdə Sabirabad rayonunun Həşimxanlı kəndində yerləşən çayxanada xuliqanlıq hərəkətləri törədib.
Belə ki, o, həmin kənd sakini, zərərçəkmiş Zahid Hacılının (adı, soyadı şərtidir) işlədiyi çayxanaya gələrək masa arxasında əyləşib və təkidlə ona çay süzülməsini tələb edib. Zərərçəkmiş şəxs bu tələbi yerinə yetirmədikdə tərəflər arasında mübahisə yaranıb. Bu zaman Faiq Hüseynov orada olan digər şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq zərərçəkmişi nalayiq ifadələrlə təhqir edib.
Daha sonra o, çayxananın əmlakına ziyan vurub. Belə ki, masanın üzərində olan 1 ədəd çaynik, 3 ədəd stəkan, 3 ədəd nəlbəki, 2 ədəd külqabı, soyuducunun üzərində yerləşən 10 ədəd pivə bakalı və 1 ədəd kauçuk stol sındırılıb. Hadisə nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 309 manat məbləğində maddi ziyan dəyib.
Bununla kifayətlənməyən Faiq zərərçəkmiş Zahidə qarşı fiziki zor tətbiq edib. O, başı ilə zərərçəkmişin sifət nahiyəsinə zərbə vuraraq burun belində qançır və sol gözaltı nahiyədə sıyrıq əmələ gəlməsi ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlər yetirib. Məhkəmə bu hərəkətləri şəxslər üzərində zor tətbiqi və özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq kimi qiymətləndirib.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Faiq Hüseynov Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib. Hökm ilə digər prosessual məsələlər də həll olunub. Həmin məhkəmənin 12 iyun 2025-ci il tarixli qərarı ilə isə təqsirləndirilən şəxsin ərizəsi təmin edilərək hökmün nəticəvi hissəsinə əlavə edilib ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
Birinci instansiya məhkəməsinin hökmündən və əlavə qərarından dövlət ittihamçısı tərəfindən apellyasiya protestləri verilib. Protestdə cinayət qanununun düzgün tətbiq olunması və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi xahiş olunub, həmçinin qətimkan tədbiri ilə bağlı qərarın ləğvi tələb edilib.
Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının qərarı ilə apellyasiya protestləri təmin edilməyib. Həmin qərardan dövlət ittihamını müdafiə etmiş prokuror tərəfindən kassasiya protesti verilib.