Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Sahib Məlikov, Zaman İmranlı və Cəlil Cəlilovun (hər üçünün adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayətləri təmin edilməyib.
İttihama görə, Sahib Məlikov 05 avqust 2023-cü il tarixdə, saat 23:30 radələrində tanışları – təqsirləndirilən Zaman İmranlı və Cəlil Cəlilovla birgə bir qrup şəxs halında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən poçt məntəqəsinin yaxınlığında, daha sonra isə ünvan 4-ün yaxınlığında ictimai qaydanı kobud surətdə pozub.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər heç bir əsaslı səbəb olmadan ətrafdakı şəxslərə qarşı aşkar hörmətsizlik nümayiş etdirərək, cəmiyyətə qarşı açıq etinasızlıq göstəriblər. Onlar ümumqəbul edilmiş əxlaq normalarına zidd davranaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlədib, ictimai asayişi pozublar.
İttihama əsasən, hadisə zamanı Sahib Məlikov özünü başqalarından üstün tutaraq zərərçəkmiş Zəlimxan Əsədova (adı, soyadı şərtidir) qarşı fiziki zor tətbiq edib. O, zərərçəkmiş şəxsi ayağından qəsdən təpiklə vuraraq yerə yıxıb, nəticədə sonuncuya qarnın küt travması ilə müşayiət olunan hemoturiya, bel nahiyəsində, sol dirsək oynağında və sağ saiddə depiqmentasiya sahələri və sıyrıq izləri ilə nəticələnən xəsarətlər yetirilib. Ekspertiza rəylərinə əsasən, qeyd edilən xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib.
Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin əməllərini Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə tövsif edib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə onların hər biri 1 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum ediliblər və üzərlərinə qanunla nəzərdə tutulmuş vəzifələr qoyulub. Məhkəmə həmçinin mülki iddianı qismən təmin edib. Qərara əsasən, təqsirləndirilən şəxslər müştərək qaydada zərərçəkmiş tərəfə maddi zərərə görə 1500 manat, mənəvi zərərə görə 3000 manat olmaqla, ümumilikdə 4500 manat məbləğində pul vəsaiti ödəməlidirlər. Mülki iddia qalan hissədə təmin edilməyib. Hökmlə məhkəmə məsrəfləri və digər prosessual məsələlər də həll olunub.
Birinci instansiya məhkəməsinin hökmündən həmin şəxslərin müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilib. Müdafiəçi hökmlərin ləğv edilməsini və təqsirləndirilən şəxslər barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin edilməyib, Suraxanı Rayon Məhkəməsinin hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Həmin qərarından məhkumların müdafiəçisi ayrı-ayrılıqda kassasiya şikayətləri ilə Ali Məhkəməyə müraciət edib.
Kamal Məmmədov