AZ

Dərhal dayandırılmalıdır!

Böyük Britaniyada başlanan əsassız və qərəzli “sorğu prosesi”

Azərbaycan Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıqla regionun təhlükəsizlik arxitekturasını əsaslı şəkildə dəyişib. Uzun illər davam edən münaqişə və qeyri-müəyyənlik mərhələsindən sonra yaranmış sabitlik mühiti təkcə hərbi-siyasi deyil, həm də iqtisadi və nəqliyyat baxımından yeni münasibətlər sisteminin yaranmasını şərtləndirib. Rəsmi Bakının atdığı siyasi addımlar postmünaqişə mərhələsində davamlı sülhün təmin olunmasına, dövlət suverenliyinin tam bərpasına və iqtisadi reinteqrasiyanın sürətləndirilməsinə hesablanıb. Bu kontekstdə beynəlxalq platformalarda aparılan fəal diplomatiya xüsusi əhəmiyyət daşıyır. Ötən ilin avqustunda Vaşinqton şəhərində keçirilən zirvə görüşü də regionla bağlı müzakirələrin qlobal müstəviyə daşınması baxımından diqqət çəkmişdi.

Həmin görüşdən sonra bəzi anti-Azərbaycan mərkəzlərin, erməni lobbisinin  “köhnə havalar” üzərində yenidən fəallaşması isə təsadüfi sayıla bilməz. Xüsusilə Avropa məkanında müəyyən dairələrin separatizmə dolayı və ya açıq dəstək xarakterli təşəbbüslərlə çıxış etməsi müşahidə olunur. Erməni lobbisinin təsiri altında olan bu qruplar, bəzən isə şəxslər müxtəlif ölkələrdə müəyyən qərəzli dinləmələr və hüquqi əsası olmayan çağırışlarla, əsassız sorğularla gündəmə gəlməyə çalışırlar. Lakin bu cəhdlər nə regiondakı real vəziyyəti dəyişir, nə də beynəlxalq hüququn prinsiplərinə təsir göstərir. Əksinə, bu fəaliyyətlər daha çox siyasi manipulyasiya və informasiya təzyiqi aləti kimi çıxış edir.

Təəssüfləndirici haldır ki, belə təşəbbüslər bəzən Azərbaycana dost və tərəfdaş kimi tanınan ölkələrdə də özünü göstərir. Halbuki həmin dövlətlər birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır, regionda yaratdığı yeni təhlükəsizlik mühitinin əməkdaşlıq üçün əlavə imkanlar açdığını təsdiqləyir. Nəticə etibarı ilə, aydın olur ki, bu kimi addımlar dövlətin iradəsindən kənarda - sadəcə erməni lobbisi ilə bu və ya digər şəkildə əlaqəsi olan şəxslər üzərindən aparılır. Məsələn, Böyük Britaniyada baş verən sorğu prosesi kimi...

“Sorğu” obyektiv araşdırma məqsədi daşımır

Qeyd edək ki, Böyük Britaniyada “Dağlıq Qarabağda erməni mədəni irsinin məhv edilməsi” barədə sorğu elan edilib. Sorğunun təşkilatçısı isə Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun rəhbərliyidir. Bununla bağlı Azərbaycandan bir qrup QHT rəhbəri Böyük Britaniya parlamentinin İcmalar Palatasının spikeri Lindsay Hoyleyə, Lordlar Palatasının spikeri Lord Forsyth of Drumleanə, Beynəlxalq Vəkillər Assosiasiyasının prezidenti Claudio Viscoya və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Aulda açıq məktubla müraciət edib. Müraciətdə bildirilir ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir və bu, Böyük Britaniya da daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır: “Bu səbəbdən sorğuda “Dağlıq Qarabağ” termini hüquqi və tarixi baxımdan yanlışdır və ondan istifadə edilməsi qəbuledilməzdir. Bu, Azərbaycan dövlətinin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş çirkin siyasi kampaniyadır. Bu cür yanaşma sorğunun obyektivlik və hüquqi etibarlılıq meyarlarına cavab verməyəcəyini indidən nümayiş etdirir”.

Məktubda o da vurğulanır ki, Ermənistan və Azərbaycan arasında münaqişə başa çatıb, hər iki dövlət sülh prosesində böyük tərəqqi əldə edib, ötən il avqustun 8-də Vaşinqtonda keçirilən Zirvə Görüşü zamanı paraflanıb. İndiki şəraitdə belə bir sorğunun regiondan kənar aktorlar tərəfindən aparılması onun əsas niyyət və məqsədi haqqında böyük suallar doğurur. “Bu təşəbbüsün məqsədi iki ölkə arasında normallaşma prosesini pozmaq və inamı sarsıtmaq, revanşizmi alovlandıraraq separatçı meyilləri canlandırmağa hesablanıb. Bu isə Azərbaycan və Ermənistan arasında normallaşma prosesini ilk gündən dəstəkləyən, hər iki ölkə ilə artıq strateji tərəfdaşlıq quran Britaniya hökumətinin marağında olmamalıdır. O zaman Britaniya parlamentarilərinin qoşulduğu bu təşəbbüs kimlərin maraqlarına xidmət edir?”, -  deyə bildirilən məktubda o da qeyd olunur ki, sorğunun suallarının məzmunu və forması onun obyektiv araşdırma məqsədi daşımadığını açıq şəkildə ortaya qoyur. Suallar faktların neytral şəkildə müəyyən edilməsinə xidmət etmək əvəzinə, sanki artıq “pozuntu”nun “baş verdiyi” fərziyyəsini irəli sürür. Suallarla tanış olan hər kəs aydın şəkildə görə bilər ki, bu sorğu beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür yaratmağa yönəlmiş, qərəzli və müəyyən maraq qruplarının siyasi sifarişi əsasında hazırlanmış ssenaridir.

Məqsəd Britaniyanın normallaşma səylərinə dəstəyini səngitməkdir

Məktubda həmçinin bildirilir ki, panelin tərkibi və orada təmsil olunan şəxslərin keçmişdəki ziddiyyətli və qərəzli fəaliyyətləri onların bu prosesdəki neytrallığı ilə bağlı ciddi suallar doğurur. Paneldə təmsil olunan britaniyalı deputatlar ötən onilliklər ərzində davamlı anti-Azərbaycan mövqe sərgiləyən şəxslərdir. Maraqlıdır ki, paneldə keçmişdə Ermənistanın Azərbaycana qarşı təcavüzünü və işğalçılıq siyasətini dəstəkləyən ənənəvi parlamentarilərdən başqa mövzu üzrə neytral mövqeyə malik heç bir parlamentari daxil edilməyib: “Belə olan halda, sorğunun obyektivliyinə kim ümid bəsləyə bilər? Aydındır ki, burada məqsəd hər hansı obyektiv hüquqi nəticəyə gəlmək deyil, artıq mövcud olan qərəzli mövqeyi Britaniya parlamentində aktiv saxlamaqla normallaşma səylərinə Britaniya hökumətinin dəstəyini səngitməkdir. Həmçinin sorğunun ilkin mərhələsində Azərbaycanın heç bir rəsmi qurumu ilə əlaqə saxlanılmayıb, toplanan məlumatlar isə yoxlanılmayıb və təsdiqlənməyib. İkinci mərhələdə isə sorğu çərçivəsində suallar yalnız elektron poçt vasitəsilə cavablandırılır ki, bu da prosesin şəffaflığı ilə bağlı haqlı suallar yaradır”.

“Sorğu” prosesinin dərhal dayandırılması tələb edilir...

Qeyd olunur ki, sorğu çərçivəsində Britaniya parlamentində fevralın 25-də keçiriləcək ilk dinləmədə Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun (IBAHRI-nin) dəvəti əsasında “Center for Justice and Truth” adlı QHT-nin müvafiq hesabat təqdim etməsi gözlənilir. CFJT-nin internet səhifəsində yerləşdirilən hesabatda regionun tarixi geniş şəkildə təhrif olunub, separatizm prizmasından təqdim edilib, Qarabağın Azərbaycan ərazisi olması faktı sual altına alınıb. IBAHRI-nin parlamentdəki ilk dinləmə üçün bu cür qərəzli təşkilata müraciət etməsi sorğunun ümumi məqsədinin nədən ibarət olduğunu bir daha ortaya qoyur. “Otuzillik işğal dövründə Ermənistan hakimiyyəti tərəfindən Qarabağda və Şərqi Zəngəzurda, həmçinin Ermənistanda Azərbaycan xalqına məxsus yüzlərlə mədəni, dini və tarixi irs nümunələri sistemli şəkildə dağıdılıb, təhqir olunub və mənşəyi təhrif edilib. Eyni zamanda, Azərbaycan xalqına qarşı etnik təmizləmə, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törədilib. Bəs nə üçün IBAHRI sözügedən beynəlxalq hüquq pozuntularına diqqət yetirmir? Bu cür yanaşma hüquqi obyektivlik və qərəzsizlik prinsipləri ilə uyğun gəlirmi?”, -deyə məktubda vurğulanıb. Məktubu imzalayan QHT nümayəndələri sorğunun təşəbbüskarlarının fəaliyyətinin Böyük Britaniya Parlamentinin müvafiq etik mexanizmləri çərçivəsində - Britaniya hökumətinin regionla bağlı rəsmi xarici siyasət kursunu sabotaj edən addım kimi araşdırılmasını tələb edir və bu qərəzli yanaşmanı hüququn siyasi məqsədlər naminə alətə çevrilməsi presedenti kimi kəskin pisləyir, sorğu prosesinin dərhal dayandırılmasını tələb edir. Məktubda həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldunin məsələni təxirə salınmadan araşdırmağa və baş verən bu təxribatı dayandırmaq üçün fəaliyyətə çağırış əksini tapır.

Açıq məktubu imzalayıblar:

1. Əmir Əliyev - “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədri

2. Rizvan Nəbiyev - “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü

3. Novella Cəfərova - “D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Cəmiyyətinin Müdafiə Cəmiyyəti” İctimai Birliyinin sədri

4. Səadət Bənənyarlı - “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri

5. Səidə Qocamanlı - “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri

6. Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

7. Zaur İbrahimli - Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü

8. Oğuz Məmmədov - “Zəngi - Tarixi İrsin Öyrənilməsi” İctimai Birliyinin sədri

9. Dilqəm Əhməd - “Çapar” Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyinin sədri

10. Fariz Xəlilli - “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

11. Xalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri

12. İradə Rzazadə - “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri.

Böyük Britaniya Azərbaycanın yaxın tərəfdaşıdır

Postmünaqişə dövründə formalaşmış yeni reallıq dəyişməzdir: Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib, regionda güc balansı və təhlükəsizlik sistemi yenidən qurulub. Bu şəraitdə separatizmi təşviq edən və ya dolayısı ilə legitimləşdirməyə çalışan təşəbbüslər nə hüquqi, nə də siyasi baxımdan perspektiv vəd edir. Əksinə, bu cür addımlar sülh gündəliyinə zərbə vurur və konstruktiv dialoq mühitini zəiflədir. Xüsusilə belə halların Böyük Britaniya kimi Azərbaycanla yaxın tərəfdaş münasibətlərinə malik bir ölkədə baş verməsi təəssüf doğurur. İki ölkə arasında enerji, investisiya, təhlükəsizlik və təhsil sahələrində uzun illərə dayanan strateji əməkdaşlıq mövcuddur. Böyük Britaniya şirkətlərinin Azərbaycanın enerji sektorundakı rolu, eləcə də siyasi dialoqun yüksək səviyyəsi münasibətlərin qarşılıqlı etimada əsaslandığını göstərir. Belə bir fonda anti-Azərbaycan mahiyyətli qrupların fəaliyyəti nə iki ölkə arasındakı tərəfdaşlıq ruhuna uyğundur, nə də regional sabitlik maraqlarına xidmət edir. Bu, daha çox ayrı-ayrı lobbi dairələrinin təsiri ilə formalaşan epizodik təşəbbüslər təsiri bağışlayır və dövlətlərarası münasibətlərin strateji xəttini əks etdirmir.

P. SADAYOĞLU

Seçilən
15
yeniazerbaycan.com

1Mənbələr