AZ

“15 dəqiqəlik şəhər” – insan yönümlü şəhərsalma modeli

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində hazırlanan “15 dəqiqəlik şəhər” modeli şəhərsalma yanaşmasıdır və olduqca səmərəli hesab olunur. Bu konsepsiyaya görə, yaşayış məkanında 15 dəqiqə ərzində məktəb, bağça, səhiyyə xidməti, park, market və digər həyat üçün zəruri obyektlər əlçatan olmalıdır".

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin İdarə Heyetinin sədri Vüqar Oruc bildirib.

“Belə olduqda insanlar gündəlik ehtiyaclarını qarşılamaq üçün əlavə vaxt sərf etmirlər. Eyni zamanda bu yanaşma həyat səviyyəsinin yüksəlməsinə, komfortun təmin olunmasına ciddi töhfə verir. Burada söhbət yalnız vaxta qənaətdən getmir. Daşınmaz əmlak əldə edərkən vətəndaşlar ilk növbədə nəqliyyat əlçatanlığına və infrastrukturun inkişaf səviyyəsinə diqqət yetirirlər. Bu model həm nəqliyyat imkanlarının, həm də infrastrukturun yüksək səviyyədə təşkilini təmin etdiyi üçün daha arzuolunan hesab olunur”.

Qarabağ və Şərqi Zəngəzur üçün real imkan

Vüqar Orucun sözlərinə görə, pilot layihə kimi “15 dəqiqəlik şəhər” sisteminin Ordubadda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan şəhərlərdə tətbiqi xüsusi əhəmiyyət daşıyır: “Həmin ərazilərdə yenidənqurma prosesi və infrastrukturun sıfırdan qurulması bu modelin tətbiqini daha asan və real edir. Şəhərlər yenidən salındığı üçün şəhərsalma prinsiplərində məhz bu yanaşmanın əsas götürülməsi məqsədəuyğun ola bilər. Bu prinsip gələcəkdə Bakı şəhərində yeni binaların və yaşayış massivlərinin salınmasında da nəzərə alınsa, əhalinin daşınmaz əmlak seçimində yalnız mərkəzə və metroya yaxın ərazilərə deyil, digər zonalara da üstünlük verməsinə şərait yaradar. Bu isə sıxlığın azalmasına, tıxac probleminin qismən həllinə səbəb ola bilər”.

Daşınmaz əmlak bazarına və regionlara təsir

Sədr deyib ki, adətən mənzil seçimində infrastrukturun inkişaf etdiyi, məktəb, xəstəxana, ictimai iaşə obyektləri və digər vacib xidmətlərin yaxın olduğu ərazilər üstünlük təşkil edir və qiymət artımı da əsasən bu zonalarda müşahidə olunur: “Modelin ölkə üzrə, xüsusilə paytaxtda tətbiqi daşınmaz əmlak bazarının daha balanslı tənzimlənməsinə xidmət edə bilər.

Regionlarda tikinti zamanı zəruri obyektlərin paralel şəkildə qurulması yalnız ayrı-ayrı binaların deyil, bütöv yaşayış komplekslərinin formalaşması deməkdir. “15 dəqiqəlik şəhər” konsepsiyası rayon və kənd əhalisinin Bakıya axınının qarşısının alınmasına, yeni iş yerlərinin yaradılmasına və yerli iqtisadi fəallığın artmasına stimul verə bilər”.

İqtisadi aktivlik və davamlı inkişaf

O hesab edir ki, konsepsiyanın tətbiqi aktivliyin və əhali sıxlığının daha balanslı bölünməsinə, insanların hərəkət trayektoriyasının məhdudlaşmasına və nəqliyyat yükünün azalmasına səbəb ola bilər: “Bu, xüsusilə böyük şəhərlərdə tıxac probleminin həllinə dəstək verə bilər.

Model yaşayış, təhsil, səhiyyə, ticarət və ictimai iaşə obyektlərinin yanaşı yerləşdirilməsini nəzərdə tutur və müəyyən mənada sovet dövrünün mikrorayon prinsipinin müasir forması kimi qiymətləndirilə bilər. Orta hesabla 5–7 min nəfərlik əhali üçün bütün zəruri xidmətlərin bir ərazidə təmin olunması mümkündür.

Nəticə etibarilə “15 dəqiqəlik şəhər” konsepsiyası ölkə iqtisadiyyatına müsbət təsir göstərmək və şəhərsalma sahəsində davamlı inkişafı təmin etmək potensialına malikdir”.

Seçilən
27
1
apa.az

2Mənbələr