AZ

"Qiyamət günü": Onlarla ölü, onlarla itkin – Şəhərlər palçıq altında qaldı

Braziliyanın cənub-şərqində yerləşən Minas-Jerays ştatı son illərin ən dəhşətli təbii fəlakəti ilə üz-üzədir.

Musavat.com xəbər verir ki, "CNN Brasil" və yerli rəsmi mənbələrin 25 fevral 2026-cı il tarixinə olan məlumatına görə, güclü yağışların törətdiyi sel və torpaq sürüşmələri nəticəsində azı 30 nəfər həyatını itirib, 39 nəfər isə hələ də itkin düşmüş sayılır.

Ən ağır vəziyyət Zona-da-Mata bölgəsindəki Xuan-de-Fora və Uba şəhərlərində qeydə alınıb. Xuan-de-Forada yağıntının miqdarı fevral ayı üçün nəzərdə tutulan normanı iki dəfədən çox ötərək tarixi rekord vurub. Şəhərin bir çox məhəllələri, o cümlədən Jardi Burnier palçıq axınlarının altında qalıb, onlarla ev tamamilə dağılıb.

Fəlakət bölgəsində xilasedicilər gərgin iş rejimində çalışırlar. Dağıntılar altından indiyədək 13 nəfəri sağ çıxarmaq mümkün olub. Ümumilikdə 208 yaralıya tibbi yardım göstərilib, 440-dan çox insan isə evsiz qaldığı üçün məktəblərə və müvəqqəti sığınacaqlara yerləşdirilib. Təəssüf ki, həlak olanlar arasında çox sayda kimsəsiz və evsiz şəxsin olduğu bildirilir.

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva fəlakətlə bağlı xalqa müraciət edərək həlak olanların ailələrinə başsağlığı verib. Dövlət başçısı humanitar yardımın sürətləndirilməsi və əsas xidmətlərin bərpası üçün federal hökumətin bütün imkanlarının səfərbər edildiyini vurğulayıb. Xuan-de-Fora şəhərində artıq rəsmi olaraq fəlakət vəziyyəti elan edilib.

Meteoroloqlar yağışların yaxın günlərdə də davam edəcəyi barədə xəbərdarlıq edərək sakinləri sürüşmə riski olan ərazilərdən uzaq durmağa çağırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr