AZ

Xocalı, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirilməlidir



"Xocalı faciəsi XX əsrin sonunda baş verməsinə baxmayaraq, öz qəddarlığı ilə bəşər tarixinin ən dəhşətli faciələri sırasında yer almışdır".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Aynur Quliyeva deyib. O bildirib ki, Qarabağ münaqişəsinin ən gərgin dövrlərində strateji əhəmiyyətə malik olan Xocalı şəhəri uzun müddət mühasirə şəraitində saxlanılmışdı:

"Şəhərin xarici dünya ilə əlaqəsi demək olar ki, tam kəsilmişdi.Erməni təcavüzkarları tərəfindən 1992-ci ilin fevralın 26-da doğma Xocalı sakinlərinə qarşı həyata keçirilən hücum zamanı şəhər ağır silahlardan və hərbi texnikadan istifadə olunmaqla atəşə tutulmuş, nəticədə minlərlə sakin şəhəri tərk etməyə məcbur olmuşdur. Lakin mühasirədən çıxmağa çalışan insanlar yollar üzərində pusquya düşərək qətlə yetirilmişdir.
Rəsmi məlumatlara əsasən, Xocalı faciəsi nəticəsində 613 nəfər dinc sakin qətlə yetirilmişdir. Onların arasında 63 uşaq, 106 qadın və 70 qoca olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, yüzlərlə insan ağır yaralanmış, 1000-dən çox insan girov götürülmüşdür. Həmin gecə yüzlərlə insan itkin düşmüş və uzun illər onların taleyi barədə heç bir məlumat əldə olunmamışdır. Bu rəqəmlər Xocalıda baş verənlərin miqyasını və dəhşətini açıq şəkildə göstərir".

Hakim partiya təmsilçisi deyib ki, Xocalı faciəsi zamanı insanlara qarşı tətbiq edilən qeyri-insani rəftar və vəhşiliklər bu hadisənin sadəcə hərbi əməliyyat olmadığını, məqsədli şəkildə həyata keçirilmiş kütləvi qətliam olduğunu göstərir:

"Şahidlərin ifadələri, hadisə yerində çəkilmiş foto və video materiallar həmin gecə baş verənlərin bütün dünyaya çatdırılmasında mühüm rol oynamışdır. Qar üzərində qətlə yetirilmiş dinc insanların görüntüləri, donmuş halda qalmış qadın və uşaqların faciəli taleyi bu hadisənin insanlıq tarixində qara ləkə kimi qalmasına səbəb olmuşdur.
Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirilməlidir".

Anar
Seçilən
3
1
newscenter.az

2Mənbələr