Son illərdə bu sahədə 30-dan artıq önəmli sənəd imzalanıb
Xəbər verildiyi kimi, fevralın 23-də Prezident İlham Əliyev İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan–İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İkitərəfli gündəliyin genişlənməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı Azərbaycanla İranın birgə icra etdiyi layihələrin həm ölkələrimiz, həm də region üçün geniş imkanlar açacağını vurğulayıb.
Söhbət zamanı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasının əhəmiyyəti qeyd olunub, Şimal–Cənub nəqliyyat dəhlizi, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün inşası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, ötən müddətdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi əməkdaşlığa dair 30-dan artıq sənəd imzalanıb. Bura investisiyaların qarşılıqlı təşviqi və qorunması, ticarət, enerji, nəqliyyat, turizm, gömrük məsələlərində əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlıq daxildir.
Ayrı-ayrı illər istisna olmaqla iki ölkə arasında ticarət dövriyyəsi yüksələn xətlə inkişaf edib. Məsələn, 2005-ci ilə Azərbaycan və İran 242,8 milyon dollar idxal-ixrac əməliyyatları həyata keçirdikləri halda, ötən il bu göstərici 650 milyon dollara çatıb.
Son illər Azərbaycan və İran İslam Respublikası enerji sahəsində fəal əməkdaşlıq edirlər. Məlum olduğu kimi, İranın NİCO şirkəti “Şahdəniz” və Cənubi Qafqaz qaz boru kəməri layihələrinin hər birində 10 faiz iştirak payına malikdir. Bununla yanaşı, cənub qonşumuz 2006-cı ildən bəri ölkəmizlə bağlanan svop (mübadilə) sazişinə əsasən Naxçıvanın qaz təchizatında mühüm rol oynayır.
İki ölkə arasında energetika sahəsində uğurlu əməkdaşlığın nəticəsi olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları da xüsusi əhəmiyyət daşıyır. Xatırladaq ki, sözügedən stansiyalar Azərbaycan və İranın Araz çayı üzərində birgə inşa etdikləri strateji layihələrdir. 2024-cü ildə istifadəyə verilmiş bu obyektlər, ümumi gücü 140 meqavat meqavat bu stansiyalar bərpa olunan enerji istehsalına, suvarma və iki ölkə arasında enerji mübadiləsinə xidmət göstərir. Eyni zamanda, Azərbaycan və İran arasında enerji mübadiləsini və sistemlərin paralel işini gücləndirmək məqsədilə 330 kilovoltluq 2-ci İmişli-Parsabad elektrik verilişi xətti tikilib istifadəyə verilib.
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycandan İran İslam Respublikasına 37,230 milyon kilovat-saat həcmində elektrik enerjisi ixrac olunub. Ölkəmiz bundan 1,058 milyon dollar gəlir əldə edib. İrana elektrik enerjisi ixracı 2024-cü ildəki göstərici ilə müqayisədə həcm ifadəsində 813 min kilovat-saat və ya 2,2 faiz, dəyər ifadəsi ilə isə 23 min dollar və ya 2,2 faiz artıb.
Ötən il İrandan Azərbaycana isə 980 min ABŞ dolları dəyərində, 34,506 milyon kilovat-saat həcmində elektrik enerjisi ixrac edilib. Bu göstərici əvvəlki illə müqayisədə dəyər ifadəsində 13 min dollar və ya 1,3 faiz, həcm ifadəsində isə 449 min kilovat-saat və ya 1,3 faiz azdır.
Azərbaycan və İran arasında nəqliyyat əlaqələri də getdikcə genişlənir. Məlum olduğu kimi, hər iki ölkə Hindistandan Rusiya və Avropaya qədər olan ərazilərə malların daşınmasını təmin edən Şimal-Cənub dəhlizinin inkişafını dəstəkləyir və sözügedən marşrutun funksionallığının artırılmasına mühüm töhfələr verir. Artıq Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb. Bununla yanaşı, Astarada iki ölkənin dəmir yollarının birləşdirilməsinə nail olunub, Astaraçay üzərində dəmir yolu körpüsü istismara hazır vəziyyətə gətirilib, quru yük terminalının 1-ci fazası istifadəyə verilib.
Hazırda Şimal-Cənub Nəqliyyat Dəhlizinin mühüm seqmentlərindən sayılan və Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dəmir yolu xətlərinin birləşdirən “Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan)” dəmir yolu xəttinin çəkilişi uğurla davam etdirilir. Xatırladaq ki, Qəzvin-Rəşt dəmir yolunun açılması təkcə Şimal-Cənub deyil, eyni zamanda, Cənub-Qərb Nəqliyyat Dəhlizinin də inkişafı istiqamətində atılmış çox mühüm addımdır.
Qeyd edək ki, fevralın 23-də Bakıda keçirilən 17-ci iclasında 2025-ci ildə ikitərəfli yükdaşımaların həcmində müsbət artım dinamikasının müşahidə olunduğu diqqətə çatdırılıb. İl ərzində iki ölkə arasında 2,3 milyon ton yük daşınıb. Artım həm avtomobil, həm də dəmir yolu yükdaşımalarında qeydə alınıb. Bununla yanaşı, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialının reallaşdırılması baxımından Rəşt-Astara hisssinin tikintisinin mahiyyəti diqqətə çatdırılıb.
Digər tərəfdən, ötən il 120 mindən çox İran yük maşını Azərbaycana və 50 mindən çox Azərbaycan yük maşını İrana keçib. 2030-ci ilə qədər yükdaşımaların bir neçə dəfə artırılması məqsədilə sərhəd ərazilərdə infrastrukturların yaradılması və inkişaf etdirilməsi istiqamətində işlər görülür, İran ərazisində Culfa-Kəlalə avtomobil yolunun təmir olunması və tunellərin tikilməsi ilə genişləndirilməsi həyata keçirilir.
Azərbaycan–İran Birgə Dövlətlərarası Komissiyasının 17-ci iclasının yekununa dair imzalanmış əməkdaşlıq memorandumu isə ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, sözügedən sənədə əsasən nəqliyyat, tranzit, sənaye, mədəniyyət, ticarət, turizm və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və davam etdirilməsi nəzərdə tutulub.
Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı
Ağbənd körpüsünün istifadəyə verilməsi, praktik olaraq, Azərbaycan–İran arasında ticarət dövriyyəsinə birbaşa təsir göstərəcək. Ümumiyyətlə, son illər Azərbaycan üzərindən daşınan yüklərin həcmində artım müşahidə olunur. Bu baxımdan alternativ nəqliyyat marşrutlarının formalaşdırılması və onların aktiv istifadəsi xüsusi əhəmiyyət kəsb edir.
Hazırda İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi orta hesabla yarım milyard dollar civarında dəyişir. Yeni infrastruktur layihələri həm ticarət əlaqələrinin genişləndirilməsi, həm də idxal-ixrac əməliyyatlarının həcminin artırılması baxımından mühüm rol oynayacaq. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi tam istifadəyə verilənədək Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqə, əsasən, İran ərazisi vasitəsilə həyata keçirilir.
Yeni avtomobil yolunun və körpü infrastrukturunun istismara verilməsi Azərbaycanın əsas əraziləri arasında quru nəqliyyat əlaqələrinin daha da möhkəmlənməsinə müsbət təsir göstərəcək. Burada yalnız Şərq–Qərb marşrutu deyil, eyni zamanda, Şimal–Cənub nəqliyyat dəhlizi də prioritet istiqamətlərdən biridir. Azərbaycan bu dəhlizin həm fəal iştirakçısı, həm də maliyyələşdirilməsinə töhfə verən ölkələrdəndir. Şimal–Cənub dəhlizinin tam potensialla işləməsi Şimaldan başlayaraq hətta Hindistana qədər uzanan geniş coğrafiyada yüklərin daha sürətli və səmərəli daşınmasına imkan yaradır. Bu istiqamətdə yeni nəqliyyat qovşaqlarının yaradılması və logistika infrastrukturunun inkişafı nəticə etibarilə Azərbaycan üzərindən keçən tranzit yüklərin həcminin artmasına gətirib çıxaracaq.
Mirbağır YAQUBZADƏ
XQ