Hərbi Polisin iki milyon manata yaxın mənimsəmədə ittiham olunan sabiq maliyyə xidmətinin rəisi Sadiq Hacıyevin kassasiya şikayətinə baxılıb.
Bu barədə "Far.Az"a onun vəkili Zibeydə Sadıqova məlumat verib.
Vəkil bildirib ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən Sadiq Hacıyev barəsində hökm qüvvədə qalıb.
Xatırladaq ki, S.Hacıyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi və bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub. O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə 1 milyon 900 min manat mənimsəməkdə ittiham olunur.
O, həmçinin Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.