AZ

XX əsrin ən dəhşətli faciələrindən biri:Xocalı soyqırımı



XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımından 34 il keçir. 34 il əvvəl erməni cinayətkarları Xocalıda Azərbaycan xalqına qarşı daha bir sıyqırım həyata keçirdilər. İnsanlıq, bəşəriyyət əleyhinə törədilmiş bu cinayət də təəssüflər olsun ki, erməni cinayətkarlara dəstək verən də vardı. XX əsrdə erməni daşnakların xalqımızın başına gətirdikləri bütün faciə, deportasiya və soyqırımlarda olduğu kimi Xocalıda törədilən cinayətdə də Ermənistanın yanında Rusiya yer alırdı. Məhz Rusiyanın Ermənistanda olan 366-cı alayının köməkliyi ilə bu vəhşilik həyata keçirildi.

Beləliklə, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş verdi.

Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular.

Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl idi. Həmçinin, dəhşətli cinayət nəticəsində 8 ailə tamamilə məhv edildi, 56 nəfər xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. 27 ailənin yalnız 1 üzvü sağ qaldı. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

Erməni vəhşiliyi təkcə mülki insanlara qarşı tətbiq edilmədi, eyni zamanda oşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrildi. Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdıldı. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olundu, qəbiristanlıq vandallara xas üsullarla dağıdıldı.

Soyqırım baş verən ilk gündən ümummilli lider Heydər Əliyev bu cinayətin dünyaya çatdırılması istiqamətində aktiv fəaliyyətə başladı. O zaman Azərbaycanda siyasi hakimiyyətdə olan qüvvələrdən fərqli olaraq Ulu Öndər Naxçıvan Ali Məclisinin tribunasından dünyaya səslənərək bu soyqırıma hüquqi siyasi qiymətin verilməsini tələb etdi, yerli və xarici media vasitəsilə faciəni beynəlxalq aləmə çatdırdı.

Ümummilli Lider xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Naxçıvanda başladığı işi, Bakıda daha sistemli şəkildə davam etdirdi

“Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi. Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi.

Xocalı soyqırımı Holokost soyqırımına bənzər faciə olduğu üçün onun dünyaya çatdırılması dövlətin qarşısında duran əsas prioritet idi. Bu prosesdə dövlətlə yanaşı, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti nümayəndələrinin də aktiv olması aparılan işin keyfiyyətini artırır, qarşıya qoyulan məqsədə nail olmağımıza imkan yaradırdı. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya Ədalət” Kampaniyasını xüsusi qeyd etmək lazımdır. Həm dövlətin apardığı sistemli iş, həm də “Xocalıya Ədalət” Kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində bu vaxtadək 18 ölkənin (Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstanın, Bolqarıstan) qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Bundan başqa, 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul olunub.

2008-ci ildən start verilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası hazırda da bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

Bu gün Xocalı soyqırmının dərin hüzn, kədər hissi ilə qeyd etməklə yanaşı, həm də faciə qurbanlarını fəxrlə, qürurla anırıq. Çünki Xocalı qurbanlarının ruhlarının şad olduğuna əminik. Bu əminliyi bizdə Ali Baş Komandan Müzəffər Azərbaycan Ordusu ilə 44 günlük Vətən Müharibəsi və 23 saatlıq antiterror əməliyyatı ilə yaradıb. 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız azad edilib, Qarabağda, eləcə də Xocalıda həyat yenidən bərpa olunub. Bu gün Xocalı başda olmaqla ölkənin hər bir bölgəsində üçrəngli bayrağımız qürurla dalğalanır.

Arzuman Muradlı, “Milli İnkişaf” ictimai birliyinin sədri, iqtisad elmləri doktoru
Seçilən
14
newscenter.az

1Mənbələr