Minimum əməkhaqqı məbləğinə hər il baxılacaq
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman imzalayıb. Dövlət başçısı, eyni zamanda, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla Məcəllədə sosial müdafiənin səmərəli aləti sayılan minimum əməkhaqqının məbləğinə baxılmasının dövriliyini təmin edən dəyişikliyi təsdiqləyib.
Yeni qanunvericilik aktları ilə Əmək Məcəlləsinə minimum əməkhaqqının məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təkliflləri əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını nəzərdə tutan cümlə əlavə edilib. Bu dəyişiklik əmək sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsində daha bir addım olmaqla, Azərbaycanda işçilərin minimum yaşayış səviyyəsini təmin edən minimum əməkhaqqı məbləğində ardıcıl artım dinamikasının qarşıdakı dövrdə davam etdirilməsini nəzərdə tutur.
Milli inkişaf strategiyasından irəli gələn hədəflər
Dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı 1 dəfə baxılacaq. Bu o deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların artıq qanunla tənzimlənməsi anlamına da gələcək.
Minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təklifləri əsasında baxılması beynəlxalq sosial normativlərdən irəli gələn amildir. Beynəlxalq Əmək Təşkilatının tövsiyələrinə əsasən, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi hökumıətin sosial siyasətində daim əsas prioritet olmalıdır. Eləcə də, Dünya Bankı Qrupunun yeni qiymətləndirmə metodologiyası olan “Business Ready” sənədinə əsasən, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun Fəaliyyət Planı”nda müvafiq dövlət qurumuna hər il minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyətı üzrə təqdim etmək tapşırılıb.
Eyni zamanda, ölkəmizin milli inkişaf doktrinası olan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində əməkhaqlarının artırılması, işləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum əməkhaqqının məbləğinin yüksəldilərək xalis minimum əməkhaqqı ölçüsünün xalis orta aylıq əməkhaqqının nisbətinin məqbul səviyyəsinə çatdırılması nəzərdə tutulub.
Hansı şəxslərin minimum əməkhaqqı artacaq?
Minimum əməkhaqqı artımı sayəsində ölkə üzrə təxminən 800 min vətəndaşın əmək haqqının artımı təmin olunur. Belə ki, dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli (VTC) əsasında aparılır. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilib. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Bu, o deməkdir ki, minimum əməkhaqqının artırılması bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Xüsusilə də, sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s. sahələr üzrə maaşların artımları təmin olunur. Artımlar həm də özəl sektoru da əhatə edir. Çünki minimum əməkhaqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Bu baxımdan, özəl sektorda 400 minə yaxın şəxsin də maaşı artmış olur.
Qeyd edək ki, minimum əməkhaqqı “Yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
Minimum əməkhaqqının nə qədər artırılmasına gəlincə, bu rəqəm ölkədə inflyasiya ilə bağlı gözləntilər, sosial müdafiə sektorunda yığım imkanları və digər amillər nəzərə alınaraq müəyyənləşəcək. Artım əhalinin gəlirlərinə müsbət təsir etməklə, həm də əmək bazarına mühüm fayda verəcək, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, məhsuldarlığının, əməyin leqallaşdırılmasını təmin edəcək. Bu baxımdan, minimum əməkhaqqının növbəti artımından sonra yaşayış minimumu arasında rəqəm də təxminən 30-40 faiz yüksəlmiş olacaq. Eləcə də minimum əməkhaqqı artımı, ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbət göstəricisinin də yüksəlməsinə imkan verəcək.
Qeyd edək ki, həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildəki 33,3 faizə, 2020-ci ildəki 38 faizə yüksəlib. 2022-ci ildə 40 faiz, 2025-ci ildə isə 42 faiz səviyyəsinə yüksəlib. Ümumiyyətlə, minimum əməkhaqqı son 6 ildə 5 dəfə artırlaraq 130 manatdan 400 manata qaldırılıb. Növbəti artımlar isə yaşayış və sosial normativlər üzrə nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyiş olacaq.
Beləliklə, “Əmək Məcəlləsinə” minimum əməkhaqqı ilə bağlı təklif edilən dəyişikliklərin qəbul olunması ölkəmizdə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək, insanların sosial rifahının artırılmasına səbəb olacaq.
E.CƏFƏRLİ