“Turan Tovuz”un qapıçısı Sergey Samokun QOL.az saytına müsahibəsi
- Təxirə salınmış oyunda səfərdə “Qəbələ”ni məğlub etdiniz. 3:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Matçın əvvəli bizim üçün çox uğurlu alındı. Necə deyələr, taktika özünü doğrultdu. Sonra bir qədər geniş oynamağa başladıq. Belədə rəqib boşluqlar qazandı. Ümumilikdə yaxşı oyun keçirdik. Rəqibə ciddi şans vermədik.
- Demək olar ki, matçın əvvəlində vurduğunuz erkən qollar həlledici oldu?
- Bəli, demək olar. Çünki erkən qol vurmasaydıq, oyun fərqli alınardı. Daha çox əziyyət çəkməli olacaqdıq.
- Ardıcıl 5 oyundur qapınızı toxunulmaz saxladığınızı nəzərə alsaq, yəqin ki, performansınızdan razısınız...
- Təbii ki, bu cür uğurlu seriya çox xoşdur. Lakin nəticəni təkcə öz adıma yaza bilmərəm. Komandamız 5 oyundur qol buraxmırsa, bu, tək mənim yox, bütün kollektivin uğurudur. Komanda şəklində mübarizə aparırıq.
- Son iki qələbə sayəsində komandanız üçüncü pillədə qərarlaşıb. Əsas hədəf bu mövqeni qorumaqdır, yoxsa turnir cədvəlində daha da irəliləmək?
- Təbii ki, hər matçda qələbə qazanmaq istəyirik. Hədəfimiz avrokuboklara yollanmaqdır. İlk iki pillədəki klublardan ("Sabah" və "Qarabağ") geri qalırıq. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, turnir cədvəlindəki mövqeyimizi daha da yaxşılaşdıq. Lakin dediyim kimi, əsas məqsəd avrokuboklara yollanmaqdır.
- Komandanızın baş məşqçisi Kurban Berdıyevi necə xarakterizə edərdiniz?
- O, çox təcrübəli, tələbkar məşqçidir. Hər xırdalığa diqqət yetirir. Oyunların taleyini də məhz bu cür xırdalıqlar həll edir. Bir sözlə, Berdıyev böyük məşqçidir.
- Konkretləşdirsək, bu böyüklük nədədir?
- Məşqlər daim maksimum dərəcədə keçməlidir. Berdıyev hər zaman deyir ki, necə məşq edirsənsə, o cür də oynayacaqsan. Bu səbəbdən də hər bir futbolçu hazırlıq prosesində maksimum gücünü meydanda qoymalı olur.