Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə QHT ictimaiyyəti tərəfindən xüsusi təşəbbüsə start verilib.
QHT.az “Nərmiman Həsənzadə Poetry Challenge” çərçivəsində QHT sədrlərinin ürək sözlərini sizlərlə bölüşür. Filologiya elmləri doktoru Esmira Fuad:
"Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri, müasir poeziyamızın görkəmli nümayəndəsi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə başladılan estafet yubiley tədbirlərinə hazırlanmış bu çıxış ən dəyərli töhfələrdən biri hesab olunur.
XX əsr Azərbaycan ədəbiyyatının, poeziyasının bel sütunlarından biri olan Nəriman Həsənzadə xalqın ürəyi ilə döyünən, onun dərdləri ilə kədərlənən, sevincini və qəmini dərindən duyan, yaşanan hadisələri və düşüncələri oxucularına çatdıran qüdrətli söz ustadıdır.
İstər qələmə aldığı şeirlərində, istərsə də çoxsaylı poemalarında Azərbaycanın keçmişi, bu günü, xalqımızın başından keçən tarixi hadisələr, ağrı-acıları və sevincləri öz bədii əksini tapmışdır. Bu əsərlər göstərir ki, 95 yaşlı müdrik şairimiz Azərbaycan ədəbiyyatında öz səsini, öz möhürünü qoymuş sənətkardır.
Nəriman Həsənzadənin poetik dünyası zaman, ömür və insan taleyi haqqında dərin fəlsəfi düşüncələrlə zəngindir. Onun misralarında həyatın axarı, dünyanın faniliyi və insanın mənəvi məsuliyyəti xüsusi ifadə olunur:
“Hər gecəsinə, gündüzünə
Bir az möhlət istəyirəm ömürdən.
Nə qədər ki, bu dünyada biz varıq,
Bu dünyanı yaşadırıq – yaşarıq.
Sən olarsan, mən olaram, ikimiz,
Yaz, dünya gözəl dünya.”
Sözümü yekunlaşdıraraq bildirirəm ki, Nəriman Həsənzadənin yaradıcılığı Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində daim yaşayacaq və gələcək nəsillərə ötürüləcəkdir.
Estafet Dünya Gənc Yazarlar Birliyinin sədri, gənc şair İntiqam Yaşara ötürülür"