XiaomiTime: HyperOS 3 yeniləməsi Xiaomi, Redmi və Poco smartfonlarını sıradan çıxarır
Xiaomi, Redmi və Poco smartfon istifadəçiləri HyperOS 3 yeniləməsini quraşdırdıqdan sonra cihazların sıradan çıxmasından kütləvi şəkildə şikayət edirlər. XiaomiTime portalının məlumatına görə, bəzi cihazlar yeniləmədən sonra açılmır və bərpa rejimində (Recovery) ilişib qalır.
Ehtimal olunur ki, buna səbəb regional proqram təminatının yoxlanılması mexanizminin gücləndirilməsidir. Ən çox zərər görən cihazlar, Çin versiyalı telefonlara qeyri-rəsmi olaraq "qlobal" proqram təminatı (ROM) yazılmış smartfonlardır. Belə proqramlar adətən satıcılar tərəfindən və ya istifadəçilər tərəfindən qənaət məqsədilə quraşdırılır.
HyperOS 3 yeniləməsi regional konfiqurasiya uyğunsuzluğuna görə belə cihazları bloklayır və bu da sistemin normal yüklənməsini qeyri-mümkün edir.
İstifadəçilərə proqram versiyasını yoxlamadan yeniləməni quraşdırmamaq tövsiyə olunur. Regional uyğunluğu IMEI nömrəsini müqayisə etməklə və ya xüsusi utilitlər vasitəsilə yoxlamaq olar. Əgər cihazda "Fake Global ROM" (saxta qlobal proqram) varsa, HyperOS 3-ün quraşdırılması smartfonun tamamilə sıradan çıxmasına səbəb ola bilər.