“65 milyon avro maliyyə göstəricisi olmaqla yanaşı, strateji düşüncənin kapitala çevrilməsidir.
Futbolda zəif idarəetmə bir mövsümdə üzə çıxır. Elmdə isə zəif idarəetmə onilliklər boyu gizlənə bilər…”
“Qarabağ”ın qazancı təsadüf deyil, sistemli idarəetmənin məntiqi nəticəsidir…”
“ “PHŞ” olmuş universitetlərin elm və innovasiyalardan "0" gəliri də təsadüf deyil, bu struktur boşluqların, sətiştəsizlik və məsuliyyətsizliyin nəticəsidir…”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Sistem, menecer və nəticə: futbolun elmi, elmin futbolu…” başlıqlı növbəti analitik yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:

“Bu il Avroliqada uğurlu iştirakına görə Qarabağ FK UEFA xətti ilə 65 milyon avro mükafat qazandı. Bu rəqəm sadəcə idman statistikası deyil. Bu, sistemli idarəetmənin, planlı inkişafın və nəticəyə yönəli menecmentin konkret göstəricisidir.
Müqayisə isə düşündürücüdür: bu məbləğ 50 universitetin 35 ildə elm və innovasiyadan qazandığı gəlirdən 65 dəfə çoxdur (bəlkə 650 dəfə?) Və bu fakt emosiya üçün yox, struktur təhlil üçün əsasdır…
Komandanın baş məşqçisi Qurban Qurbanov deyir:
“Elm kimi futbol da inkişaf edir. Avropada futbola böyük yatırımlar edirlər. Futbol o deyil ki, 11 nəfər meydana çıxdı, oynadı. Vacib o qədər detallar var ki: infrastruktur, bərpa, sağlamlıq və s. Çox geridəyik. Azərbaycan reallığında belə uğur qazandıq, böyük təcrübə topladıq. Futbolçularımız qəhrəmanlıq etdilər…”
Bu sözlər əslində idarəetmə fəlsəfəsidir. Futbol burada nəticədir. Bu nəticənin arxasında isə bütov bir sistem dayanır: infrastruktur, analitika, tibbi-bərpa prosesi, transfer siyasəti, kadr və maliyyə məsələləri, motivasiya, risk idarəetməsi. Yəni, elmdə olduğu kimi, ölçülən və təkmilləşən bir mexanizm…
Peşəkar menecer futbola məhz bir elm kimi baxır, öz işinə elmi yanaşır…
Universitetlərimiz niyə gəlir yaratmır?..
Əgər 35 ildə universitetlərin innovasiya gəliri yoxdursa, sual resursda deyil, sual modeldədir. Çünki elm də o deyil ki, “11 nəfər auditoriyaya girdi, mühazirə oxudu” ... Orada da detallar var:
Tədqiqatın prioritetləşdirilməsi;
Qrant və patent strategiyası;
Sənaye ilə əməkdaşlıq;
Texnologiya transferi;
Performansın ölçülməsi;
Hesabatlılıq;
Normal kadr siyasəti;
Səmərəli maliyyə siyasəti v.s.
Təəssüf ki, bizim elmdə səriştəsizlik səbəbi ilə bir çox belə detallar nəzərə alınmır. Baxmayaraq ki, bu sahəyə son illər ayrılan büdcə ilbəil artır…
Elm və təhsildə mexanizmlər düzgün qurulmayanda, elmi potensial gəlirə çevrilmir. Bu zaman elm-təhsil sisteminin gəliri onların elmi potensialından çox, idarəetmə modelinin güzgüsünə çevrilir.
Elm-təhsil nazirinin səsləndurdiyi: “Mən ölkədə alim tanımıram” fikri (Emin Əmrullayev) cəmiyyət üçün ikiqat siqnaldır: ya sistem alim yetişdirmir, ya da yetişdirilən alimi sistem görmür. Hər iki halda problem yenə idarəetmədədir. Çünki yaxşı nəticə heç vaxt təsadüfi olmur. Səriştəsiz menecerlə yaxşı nəticə heç olmur. Nəticə ya sistemin məhsuludur, ya sistemsizliyin; ya peşəkarlığın məhsuludur, ya səriştəsizliyin…
65 milyon avro maliyyə göstəricisi olmaqla yanaşı, strateji düşüncənin kapitala çevrilməsidir.
Futbolda zəif idarəetmə bir mövsümdə üzə çıxır. Elmdə isə zəif idarəetmə onilliklər boyu gizlənə bilər. Amma nəticə yenə dəyişmir: sistem yoxdursa, strategiya yoxdursa, səriştə yoxdursa, nəticə də yoxdur.
Səriştəli menecer futbola elm kimi baxır, səriştəsiz menecer isə elmə futbol kimi baxır. Sanki təsadüfi, səthi, gündəlik emosional qərarlar, plansız dəyişikliklər uğur üçün kifayətdir. Halbuki elm uzunmüddətli investisiya, səbir, struktur və ölçülə bilən hədəf tələb edir.
Fərq bu qədər sadədir.
Dərs nədir?
Əgər bir futbol klubu məhdud resursla Avropa arenasında nəticə yarada bilirsə, bu, ölkənin başqa sahələri üçün də prinsipial dərsdir:
Strategiya qur;
Detalları sistemləşdir;
Performansı ölç;
Məsuliyyəti fərdiləşdir;
Nəticəni tələb et.
Elm və təhsil üçün də eyni yanaşma keçərlidir. Eyni fəlsəfədir.
Universitetin missiyası diplom paylamaq yox, dəyər yaratmaqdır: bilik dəyəri, texnoloji dəyər, iqtisadi dəyər.
“Qarabağ”ın qazancı təsadüf deyil, sistemli idarəetmənin məntiqi nəticəsidir...
“PHŞ” olmuş Universitetlərin elm və innovasiyalardan "0" gəliri də təsadüf deyil, bu struktur boşluqların, sətiştəsizlik və məsuliyyətsizliyin nəticəsidir.
Biz uğuru təsadüf kimi görürük, yoxsa onu sistemə çeviririk?..
Nəticə həmişə özü danışır. Nəticə, ya qurulmuş sistemin səsidir, ya da qurulmamış sistemin sükunəti…”
Dosent İlham Əhmədov"