AZ

“Xocalı faciəsi Azərbaycan xalqının sarsılmaz iradəsi” ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “26 Fevral - Xocalı Soyqırımı”nın 34-cü ildönümü münasibətilə “Xocalı faciəsi-Azərbaycan xalqının sarsılmaz iradəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.

Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova Xocalı soyqırımından geniş bəhs edərək,mənfur erməni xislətini dünyaya sübut edən tarixi faktları və Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinə verilmiş hüquqi-siyasi qiyməti, həmçinin bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilən “Xocalıya ədalət” adlı beynəlxalq kampaniyanın mahiyyətini diqqətə çatdırıb.Qeyd edilib ki, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali rəhbərliyi ilə güclü Azərbaycan Ordusu həm Vətən müharibəsində, həm də anti-terror tədbirləri zamanı düşməni döyüş meydanında məğlub etdi. Hərbi və diplomatik yolla əldə etdiyimiz uğurlu Qələbədən sonra bu gün Azərbaycan Bayrağı Xocalıda və digər əzəli torpaqlarımızda qürurla dalğalanır. Həm Xocalı faciəsi qurbanlarının, həm də torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu şaddır. Ona görə ki, bu gün Azərbaycan tam müstəqil və suveren dövlətdir.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında qeyd edib ki, Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiyməti Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul edib. Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi fərman imzalayıb, sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub.

"Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi" deyən Prezident İlham Əliyevin birbaşa səyi nəticəsində bu gün dünyanın bir sıra dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir.

Tədbirdə çxış edənlər Qarabağ Suvarma Kanalı İstismarı İdarəsinin rəisi Ariz Mikayılov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Günel Cəfərova, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayon üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Şahnaz Hümbətli və Xocalı sakini, Yevlax şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi İlayə Hüseynova vurğulayıblar ki, 1992-ci ilin 26 fevral tarixində baş vermiş Xocalı qırğını zamanı erməni təcavüzkarlarının vandalizm hərəkətləri bəşəri cinayətdir. 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr döyüşlərində əldə etdiyimiz möhtəşəm Qələbə ilə düşmənin beli qırıldı. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə aparılan uğurlu strategiya nəticəsində bu gün qürurla qeyd edirik ki, Xocalı və Qarabağ azaddır. Qarabağ Azərbaycandır!

Tədbir çərçivəsində “26 Fevral-Xocalı soyqırımı” münasibətilə Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Yevlax rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbləri arasında keçirilən rəsm müsabiqəsində qalib gələn şagirdlərə fəxri fərmanlar və hədiyələr təqdim olunub.

Qeyd edək ki, rəsm müsabiqəsində 1-ci yerin qalibi Yevlax rayon Qoyunbinəsi kənd tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi Əliyeva Xədicə Əsəd qızı, 2-ci yerin qalibi Yevlax şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi Həmidova Aydan Elnur qızı, 3-cü yerin qalibi isə Yevlax şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi Ramazanov Kənan Rövşən oğlu olmuşdur.

Müsabiqədə fərqləndiyinə görə Yevlax rayon Kövər kənd tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Fərəcli Xədicə İslam qızı və Yevlax rayon Yuxarı Qarxun kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinif şagirdi Kərimli Fatma Asif qızı YAP Yevlax rayon təşkilatının fəxri fərmanları ilə təltif olunublar.

Tədbirin sonunda Yevlax şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin təqdimatında Xocalı soyqırımına aid kompozisiya nümayiş etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
sesqazeti.az

1Mənbələr