AZ

Qəbul imtahanları ilə bağlı VACİB AÇIQLAMA: Abituriyentin intizam və davranış göstəriciləri də nəzərə alınacaq?

Qəbul imtahanlarında maksimal nəticə 700 ballıq sistemlə müəyyənləşdirilsə də, bəzi mütəxəssislər hesab edir ki, şagirdin yalnız akademik biliyi deyil, məktəbdəki davranışı və nizam-intizamı da qiymətləndirmədə rol oynamalıdır. Bəs ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentin intizam və davranış göstəriciləri də nəzərə alınmalıdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hazırda ali məktəblərə qəbul iki mərhələli 700 ballıq şkala əsasında həyata keçirilir.

İndiki

“Bu balın 300-ü ümumtəhsil məktəblərində keçirilən buraxılış imtahanının, 400-ü isə blok imtahanının nəticələri hesabına formalaşır.

Qiymətləndirmə sisteminə şagirdlərin nizam-intizam və davranış göstəricilərinin də əlavə edilməsi müsbət nəticələr verə bilər. Xüsusilə, buraxılış imtahanında yüksək nəticə göstərən abituriyentlərin davranış meyarları da nəzərə alınarsa, ali məktəblərə qəbul zamanı fərqli yanaşma formalaşar”.

Məzahir Məmmədlinin fikrincə, attestat balında nizam-intizam göstəricilərinin əks olunması müəllim nüfuzunun artmasına da təsir edər.

“Bəzi hallarda şagirdlər davranış və davamiyyət baxımından müəllimlər üçün çətinlik yaradır, lakin bu amillər onların gələcək qəbul prosesinə təsir etmədiyi üçün məsuliyyət hissi zəif olur. Əgər şagirdlər nizam-intizamın attestat göstəricilərinə və qəbul prosesinə təsir etdiyini bilsələr, müəllimə münasibətdə daha məsuliyyətli davranar və məktəbdaxili intizam da güclənər”.

Ekspert əlavə edib ki, belə yanaşma həm təhsil mühitində qarşılıqlı hörmətin formalaşmasına, həm də ümumi tədris keyfiyyətinin yüksəlməsinə töhfə verə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
42
1
konkret.az

2Mənbələr