Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə QHT ictimaiyyəti tərəfindən xüsusi təşəbbüsə start verilib.
QHT.az “Nərmiman Həsənzadə Poetry Challenge” çərçivəsində QHT sədrlərinin ürək sözlərini sizlərlə bölüşür. Beynəlxalq “Alaş” ədəbiyyat ödülü laureatı, publisist, şair Əkbər Qoşalı:
"Harada oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Harada durum ki, görməyəsən məni?
Ustad şairimiz, Xalq şairi, görkəmli sənətkarımız Nəriman Həsənzadənin dillər əzbəri olan şeirindən bir bənd səsləndirdim. Ustadın 95 illik əlamətdar yubileyi mübarək olsun! Şeir bayramı uca olsun, canı sağ olsun! Çox şadam ki, qeyri-hökumət təşkilatlarımız ustadın bu əlamətdar günü münasibətilə belə bir təşəbbüs göstəriblər. Onu virtual olaraq öz şeirləri ilə salamlayır, arzularımızı və diləklərimizi çatdırırıq. Fürsətdən istifadə edərək Nəriman müəllimə möhkəm cansağlığı arzulayıram.
Onu da xüsusi vurğulamalıyam ki, Nəriman müəllim özündən sonrakı ədəbi nəslin nümayəndələri, o cümlədən şəxsən mənim haqqımda dəyərli və tutarlı yazılar yazıb. Biz onun gənc ədəbi nəslə göstərdiyi diqqət və qayğının şahidi olmuşuq. Eyni zamanda qeyd etməliyəm ki, o, özündən əvvəlki ədəbi nəslin nümayəndələrini də həmişə qədirşünaslıqla yad edib. Biz Nazim Hikmətin və Mir Cəlal Paşayevin Nəriman müəllimə göstərdikləri diqqət və dəstəyi görmüş, eşitmişik. Ədəbiyyatımızın qoca çinarı 95 yaşına çatdı. Bu gözəl təşəbbüslə çıxış edən bütün qeyri-hökumət təşkilatlarını alqışlayıram.
Estafeti Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva ötürürəm".