Lənkəran rayonunda torpaq sürüşməsi baş verib, Hirkan–Daşdatük–Biləsər yolunda asfalt qatı çöküb.
Sürüşmə rayonun Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda qeydə alınıb. Sürüşmə nəticəsində yolun asfalt qatı çöküb və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Qeyd edək ki, sözügedən yol rayonun 7 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirir.
Bəs həmin ərazidə hansı işlər aparılır?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq ərazidə nəqliyyat vasitələrinin hərəkətinin fasiləsiz və təhlükəsiz təşkili məqsədilə şərait yaradılıb:

“Hazırda sözügedən hissə agentliyin mütəxəssisləri tərəfindən nəzarətdə saxlanılır. Yol hərəkətinin təhlükəsizliyi istiqamətində zəruri tədbirlər görülüb. Hadisənin baş verdiyi yol hissəsində ilkin texniki baxış keçirilib, mövcud vəziyyət qiymətləndirilib və müvafiq rəy hazırlanıb.
Bərpa və möhkəmləndirmə işlərinin aparılması ilə bağlı texniki təkliflər və layihə həlləri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Layihə çərçivəsində yol yatağının bərpası, zəruri hallarda torpaq kütləsinin möhkəmləndirilməsi, eləcə də örtük qatının normativ tələblərə uyğun şəkildə bərpası nəzərdə tutulur”.
O qeyd edib ki, hazırda bölgədə hava şəraiti qeyri-sabit keçdiyindən torpaq və tikinti-bərpa işlərinin aparılması texnoloji baxımdan məqsədəuyğun hesab edilmir:
“Bərpa prosesinin keyfiyyətli və uzunömürlü olması üçün əlverişli meteoroloji şəraitin formalaşması gözlənilir. Hava şəraiti sabitləşən kimi bərpa işlərinə operativ şəkildə start veriləcək”.