1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən faciə tarixə dünyanın ən dəhşətli və qanlı səhifələrindən biri kimi düşüb. Dinc əhaliyə qarşı törədilmiş bu kütləvi qırğın nəticəsində yüzlərlə günahsız insan həlak olub, minlərlə ailənin taleyi darmadağın edilib. Buna bənzər hadislər təxminən eyni dövrdə Srebrenitsada da törədildi. Xocalı və Srebrenitsa hadisələri bu gün də beynəlxalq humanitar hüquq, mülki əhalinin münaqişələr zamanı qorunması və cinayətlərin hüquqi-siyasi qiymətləndirilməsi kontekstində aktual olaraq qalır. Bu soyqırımlar XXI əsrdə, bütün dünyanın gözü qarşısında baş verməsinə baxmayaraq, bəşəriyyətin hələ də keçmişdə yaşanan oxşar faciələrdən lazımi dərs çıxarmadığını açıq şəkildə göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında Karabük Universitetinin müəllimi, beynəlxalq münasibətlər və sülh araşdırmaları üzrə ekspert İbrahim Fevzi Güvən bildirib.
“Sülh və münaqişə mövzusunda araşdırmalar göstərdi ki, həm soyqırımın icra mexanizmləri, həm də azərbaycanlıların və bosniyalıların müharibə zamanı və sonrasında yaşadıqları bu iki faciə arasında çox ciddi oxşarlıqlar mövcuddur. Təəssüf ki, aktorlar və tərəflər dəyişsə də, bu cür faciələrdə yaşanan ağrılar dəyişmir”, – deyə o vurğulayıb.
İbrahim Fevzi Güvən qeyd edib ki, bu cür kütləvi qırğınlar ani nifrət partlayışları deyil, planlı siyasi və hərbi strategiyaların tərkib hissəsi kimi həyata keçirilir.
“Xocalı, Srebrenitsa və oxşar nümunələrdə ortaq məqam ondan ibarətdir ki, təcavüzkar tərəf beynəlxalq ictimaiyyətin müdaxiləyə hazır olmadığını və ya kifayət qədər güclü reaksiya göstərməyəcəyini gördükdə bunu hücum üçün yaşıl işıq kimi qiymətləndirir. Beynəlxalq ictimaiyyət bu günədək belə cinayətlərə mane ola biləcək təsirli mexanizmlər yarada bilməyib. Bu şəraitdə hər bir dövlət öz xalqını qorumaq üçün müdafiə imkanlarını gücləndirməyə məcburdur. Çünki bu cür soyqırımları mümkün edən əsas amillərdən biri beynəlxalq ictimaiyyətin passivliyi, digəri isə müdafiəsiz mülki əhalinin hədəf alınmasıdır”, – deyə türk ekspert bildirib.
İbrahim Fevzi Güvən qeyd edib ki, əgər beynəlxalq ictimaiyyət təcavüzkarlara çəkindirici real mexanizmlər yarada bilsəydi bu gün Xocalı və Srebrenitsa soyqırımlarından danışmazdıq: “Bu cür cinayətləri təcavüzkar tərəf üçün “cəlbedici” edən əsas amillərdən biri də etnik təmizləmə və soyqırımı nəticəsində yaranan yeni demoqrafik reallıqların sonradan qəbul edilməsidir. Etnik təmizləmə və soyqırımı yolu ilə əldə edilən ərazilər və zorla dəyişdirilən əhali strukturları sülh danışıqlarında təcavüzkar tərəfə üstünlük qazandırmamalıdır. Müharibə cinayətləri və insanlığa qarşı cinayətlər nəticəsində əldə edilən heç bir ‘qazanc’ beynəlxalq hüquq tərəfindən legitim sayılmamalıdır”.
O xatırladıb ki, Azərbaycan da uzun illər oxşar ədalətsizliklə üzləşib və Xocalı soyqırımının baş verdiyi Birinci Qarabağ müharibəsindən sonra işğal edilmiş ərazilərin azad olunması üçün beynəlxalq ictimaiyyət effektiv addımlar atmayıb. Nəticədə Azərbaycan beynəlxalq hüquqa əsaslanan legitim özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu.
Ekspert vurğulayıb ki, Xocalı və Srebrenitsa kimi faciələrin yaratdığı dərin ağrı yalnız həmin xalqların deyil, bütün bəşəriyyətin vicdan məsələsi olmalıdır. Bu məkanlar İkinci Dünya Müharibəsindəki “Auschwitz” ölüm düşərgələri kimi, insanlığa qarşı cinayətlər barədə qlobal yaddaş mərkəzlərinə çevrilməlidir. Srebrenitsada yaradılan Soyqırımı Muzeyi və Azərbaycanın Xocalı soyqırımının tanıdılması istiqamətində dövlət və vətəndaş cəmiyyəti səviyyəsində görülən işlər mühüm əhəmiyyət daşıyır. Lakin təəssüf ki, Xocalı faciəsinə hələ də beynəlxalq səviyyədə ədalətli qiymət verilməyib. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün akademik fəaliyyət, vətəndaş cəmiyyəti təşəbbüsləri və maarifləndirmə işi daha da gücləndirilməlidir.


