AZ

Ölkəmizi “Avroviziya”da Ofelya Şabanova təmsil edəcək?

“Mən bu günə qədər sənətlə bağlı potensialımın cəmi 1 faizini göstərmişəm”.

Bu sözləri “Cebheinfo.az”-a açıqlamasında müğənni Ofelya Şabanova deyib:

“Azərbaycanda istedadlı gənclər çoxdur. Sadəcə imkan vermirlər, şərait yaratmırlar. Yarı zarafat, yarı gerçək də olsa deyəcəm, mən hələ bacarığımın yalnız 1 faizini göstərmişəm, üstümə bəzi şou əhli tərəfindən hücumlar və qarayaxmalar başlayıb. Əgər 10 faizini göstərsəm, görəsən mənə nələr edərlər?”.

Sənətçi hesab edir ki, musiqi sahəsində problemlərin kökündə keyfiyyətli işlərin lazımi səviyyədə təbliğ olunmaması dayanır:

“Mən bir müddət əvvəl demişdim ki, bizim musiqimiz məhv olub, dəfn də edilib. Son zamanlar bəzi şou nümayəndələri Azərbaycan musiqisinin məhv olması ilə bağlı çıxışlar edirlər.

Düşünmürlər ki, musiqimizi məhv edənlər elə məhz danışanların özləridir. Mənim sənətimi tənqid edə bilmirlər. “Bu qızın ağ şalı var” ifam heç bir maliyyə dəstəyi olmadan trend oldu. Nədənsə heç bundan danışmadılar. 

Azərbaycanda heç bir müğənninin edə bilmədiyi bəzi improvizələr edirəm. Amma nə faydası... Sadəcə iki əlli “corab” mövzusundan yapışıblar”.

Ofelya Şabanova, “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində mümkün iştirakı ilə bağlı suala isə belə cavab verib:

“Mənə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak etmək üçün heç bir təklif gəlməyib. Gəlsə, sevə-sevə iştirak edərəm. Mənim uşaqlıq arzumdur ki, ölkəmi böyük səhnələrdə təmsil edim.

Allaha şükür edirəm, nə yaxşı ki, mən əxlaqsız insan olmamışam, adım bəziləri kimi heç vaxt əxlaqsızlıqla bağlı hallanmayıb. Bu tip mövzularla gündəmə gəlməmişəm”. 

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr