AZ

“Zahid Oruc xarici şirkətləri nümunə göstərməzdən öncə onların büdcəsinə, iş müddətinə və rəssamların sayına baxsın”

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Azərbaycanda uşaqlar üçün cizgi filmləri (animasiya) sahəsi kifayət qədər inkişaf potensialına malik olsa da hələ də müxtəlif çətinliklərlə üz-üzədir. Halbuki ölkəmizdə cizgi filmlərinin tarixi XX əsrin 30-cu illərinə gedib çıxır və 60-70-ci illərdə silsilə uğurlu animasiya filmləri çəkilib. 1970-80-ci illərdə xalq folklorundan götürülən motivlərlə çəkilən çoxlu filmlərimiz var. İndi isə övladlarımız ən yaxşı halda qardaş ölkənin cizgi qəhrəmanları ilə, ən pis halda isə "Disney"lə böyüyürlər”.

Bizimyol.info xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin plenar iclasında deyib. Deputat bildirib ki, milli dəyərlərimizi və tariximizi gələcək nəsillərə ötürən əsərlər çox azdır: “İstehsal olunan məzmunların çoxu zəif ssenari və keyfiyyətsizdir, bəziləri isə əyləncə xarakterli olur. Xaricdə uşaqlar üçün hazırlanan film və seriallara baxanda -“Pixar”, “DreamWorks” və s. fərq açıq görünür.

Uşaq filmləri kommersiya baxımından cəlbedici sayılmır. Peşəkar uşaq kino istehsal komandaları və studiyaları azdır. Uşaq psixologiyası, pedaqogikası, ssenari yazarlığı və audiovizual effektlər sahəsində ixtisaslaşan kadrlar çatışmır. Uşaqlar daha çox xarici məzmunlarla böyüyür, nəticədə, yerli məhsula maraq azalır və mədəni assimilyasiya riskləri yaranır. Dil, dəyərlər, milli simvollar uşaq filmlərində daha zəif əks olunur. Uşaqlar Vətən müharibəsi qəhrəmanlarını, nağıllarımızı, Böyük qayıdışı, milli ənənələri və tariximizi görməklə mədəni kimliklərini daha güclü formalaşdırarlar. Beləliklə, uşaq filmlərinin azlığı tək mədəni problem deyil-gələcək nəslin estetik dünyagörüşünü, milli dəyərlərini, fantaziyasını və öyrənmə imkanlarını məhdudlaşdıran hadisədir”.

Azərbaycanda peşəkar animasiya məktəbinin formalaşması üçün hansı addımlar atılmalıdır?

Kinoşünas Aygün Aslanlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu sahəyə kifayət qədər vəsait ayırmalıdırlar: “Animasiya və ümumiyyətlə kino sahəsi böyük maliyyə vəsaiti tələb edən sahələrdir. Yüksək keyfiyyətli iş görmək istəyirlərsə, bu sahəyə kifayət qədər vəsait ayırmalıdırlar. Zahid Oruc “Pixar” və “Disney”i nümunə göstərməzdən əvvəl bu studiyaların filmlərinin büdcəsinə, iş müddətinə, layihələrdə çalışan rəssamların sayına və onların qonorarlarına diqqət yetirsin. Bundan sonra həmin təcrübəni Azərbaycanda tətbiq edib eyni keyfiyyəti tələb etmək mümkün ola bilər”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
icma.az

1Mənbələr