AZ

Açılıb bağlanan klinikalar Sistemsizlik səhiyyə işçilərini maaşsız qoyur

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son illər səhiyyə sektorunda özəl klinikaların sayında sürətli artım müşahidə olunur. Demək olar ki, hər gün yeni bir tibb müəssisəsi fəaliyyətə başlayır, lakin eyni sürətlə bəzilərinin bağlanması və ya maliyyə problemləri ilə üzləşməsi xəbərləri də yayılır. Bu prosesin son nümunələrindən biri Uniklinika ilə bağlı yayılan məlumatlardır. Vergi uçotunda “Unikal-A” MMC adı ilə qeydiyyatda olan klinikanın yüz minlərlə manat vergi borcunun yarandığı, həmçinin əməkdaşların maaşlarının gecikdirildiyi bildirilir.

Məsələnin ən həssas tərəfi isə məhz işçilərlə bağlıdır. Özəl sektorda çalışan həkimlər, tibb bacıları, texniki və inzibati heyət çox zaman aylıq əməkhaqqı ilə dolanır. Klinikada maliyyə böhranı yarandıqda ilk zərbə də məhz onlara dəyir. Aylarla gecikən maaşlar, qeyri-müəyyən gələcək və hüquqi müdafiənin zəifliyi səhiyyə işçilərini ciddi sosial risklərlə üz-üzə qoyur. Klinikalar açılıb-bağlandıqca reputasiya itkisi də yaranır və nəticədə peşəkar kadrlar qeyri-sabit iş mühitində çalışmağa məcbur qalır.

Özəl klinikaların sürətli artımının arxasında bir neçə amil dayanır. Səhiyyə xidmətlərinə tələbatın yüksəlməsi, dövlət sektorundakı sıxlıq, vətəndaşların daha komfortlu xidmətə üstünlük verməsi investorları bu sahəyə yönəldir. Lakin bəzi hallarda biznes planlaması zəif qurulur, maliyyə davamlılığı hesablanmır və nəticədə müəssisə qısa müddətdə borc yükü altına düşür. Nizamnamə kapitalının minimal məbləğdə olması ilə böyük həcmli tibbi fəaliyyət göstərilməsi isə əlavə risklər yaradır.

Digər mühüm məsələ nəzarət və tənzimləmə mexanizmləridir. Özəl tibb müəssisələrinin maliyyə intizamı, vergi öhdəlikləri və əmək münasibətləri üzərində effektiv monitorinq olmadıqda problemlər gec üzə çıxır. Vergi borclarının yığılması və işçilərin maaşlarının gecikməsi artıq böhranın son mərhələsi sayılır. Halbuki erkən mərhələdə maliyyə auditləri və şəffaf hesabatlılıq bu cür halların qarşısını ala bilərdi.

Bu tendensiya səhiyyə sektorunda qeyri-sabitlik yaradır. Klinikaların tez-tez açılıb-bağlanması həm pasiyentlərin etimadına, həm də ümumi xidmət keyfiyyətinə təsir edir. Pasiyent üçün əsas olan tibbi təhlükəsizlik və davamlılıqdır. Lakin maliyyə problemləri olan müəssisədə bu standartların qorunması sual altına düşə bilər.

Ən böyük sosial yük yenə maaşa çalışan işçilərin üzərinə düşür. Onlar nə klinikanın səhmdarıdır, nə də maliyyə qərarlarında söz sahibidir. Amma borc, bağlanma və hüquqi problemlər baş verəndə ilk zərər görən tərəf olurlar. Əmək bazarında qeyri-sabitlik isə peşəkar tibbi kadrların ya ölkədən getməsinə, ya da sahədən uzaqlaşmasına səbəb ola bilər.

Səhiyyə kimi strateji sahədə yalnız kommersiya marağı ilə fəaliyyət göstərmək uzunmüddətli perspektivdə risklidir. Özəl sektor vacibdir və rəqabət xidmət keyfiyyətini artıra bilər. Lakin bu sektorun davamlı və məsuliyyətli idarə olunması şərtdir. Əks halda “hər gün bir klinika açılır, bir klinika bağlanır” reallığı davam edəcək və bundan ən çox zərər görən yenə də sıravi işçilər və pasiyentlər olacaq.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
bizimyol.info

1Mənbələr