Respublika Perinatal Mərkəzində yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş sabiq direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin sabiq müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin sabiq müdiri Elnur Əhmədlinin işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Medicina.az xəbər verir ki,Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi proses təqsirləndirilən sabiq direktor Mehriban Abasquliyevanın ifadəsi ilə davam edib.
"Bizdəki balonlar kifayət etmirdi. Yeniləmək üçün kifayət qədər maliyyə olmayıb. Mərkəz TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi tərəfindən maliyyələşdirilib".
Təqsirləndirilən şəxs onu da qeyd edib ki, bundan başqa, onun rəhbərliyindən öncə də mərkəzdə çoxsaylı problemlər olub:
"Qazanxanada nasazlıq olduğu üçün isti su gəlmirdi. Mərkəzin binasında məndən öncə quraşdırılan havatəmizləyici qurğu da işləmirdi. Bunları dekabr-yanvar aylarında özüm təmir etdirmişdim. Daha sonra mərkəzə 20 kq-lıq paltaryuyan maşın, soyuducu və digər lazımi cihazlar almışdım".
O, öz vəsaiti ilə mərkəzdə təmir işləri apardığını da deyib:
"Mənim aylıq əməkhaqqım 6 549 manat olmasına baxmayaraq, öz şəxsi büdcəmdən mərkəzin işlərinə 3 500 manat xərcləmişəm. Bundan əlavə, mərkəzin yanğın siqnalizasiyası yararsız vəziyyətdə olub. Bunun yenilənməsi üçün 60 min manat tələb olunub. Digər xərclərlə yanaşı, təmirə 200 min manat lazım idi. Bundan əlavə, yanğın təhlükəsizliyi siqnalizasiyasının quraşdırılmasına, dam örtüyünün sökülərək siqnalizasiyanın oraya yerləşdirilməsi və digər işlərin görülməsi üçün ümumilikdə 2 milyon 705 min manat lazım olub. Yanğın təhlükəsizliyi siqnalizasiyasının olmaması barədə TƏBİB-ə yazılı məlumat verdim. Lakin qurumdan bu vəsaitin külli miqdarda olduğu deyildiyi üçün həmin pulu ala bilmədik. Bu gün də mərkəzdə yanğın təhlükəsizliyi ilə bağlı siqnalizasiya sistemi quraşdırılmayıb. Buna görə də 2025-ci ildə mərkəzin rəhbəri inzibati məsuliyyətə cəlb olunub".
Mehriban Abasquliyeva deyib ki, əvvəlki rəhbər tərəfindən stasionar müalicə alan xəstələrin saxlanılması müddəti süni şəkildə uzadılıb:
"Mən bu neqativ halların aradan qaldırılması üçün tədbirlər gördüm. Dövlət büdcəsindən artıq vəsait xərclənməsinin qarşısını aldım. Məsələn, mərkəzdə müalicə edilən xəstəyə 10 gün lazım idi, amma bu, süni şəkildə 20 günə qədər artırılırdı. Mən təyin ediləndən sonra bu neqativ hallara son qoydum, bir xəstənin müalicə olunduğu müddətə iki xəstəni dövlət hesabına müalicə etmək mümkün idi".
Növbəti proses martın 4-də keçiriləcək.
Qeyd edək ki, 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
MEDİCİNA.AZ