AZ

Kanadadan  Ukraynaya böyük yardım paketi: Yüzlərlə maşın, milyonlarla dollar… 

Tammiqyaslı müharibənin dördüncü ildönümündə Kanada hökuməti Ukrayna üçün genişmiqyaslı yeni yardım paketi açıqlayıb. Ottava bəyan edib ki, Kiyevə dəstək həm hərbi, həm də siyasi baxımdan sarsılmaz olaraq qalır. Bu barədə Defence Blog Kanada hökumətinin açıqlamasına istinadən məlumat yayıb.

Kanadanın milli müdafiə naziri David C. McGuinty bildirib ki, Ukrayna hərbçilərinin hazırlanmasını nəzərdə tutan Operation UNIFIER missiyasının müddəti 2029-cu ilə qədər uzadılıb. Bu qərar Kanada Silahlı Qüvvələrinə təlim proqramlarını genişləndirməyə və Ukrayna ordusunun şəxsi heyətinə dəstəyi gücləndirməyə imkan verəcək.

Bununla yanaşı, Kanada 2026–2027-ci illər ərzində Ukraynanın ərazi müdafiəsinə 2 milyard dollar ayıracaq.

Nazir qeyd edib ki, Ukraynanın danışıqlar mövqeyini gücləndirmək üçün döyüş meydanındakı əməliyyat ehtiyaclarını birbaşa qarşılayan təcili və hədəfli hərbi yardımlar vacibdir.

Yardım paketinin əsas elementlərindən biri 400-dən çox zirehli texnikanın təhvil verilməsidir. Bunlara 383 ədəd Roshel Senator zirehli maşını daxildir. Ukrayna indiyədək bu tipli 2000-dən çox texnika alıb və onlar etibarlılığı, eləcə də təmirinin asanlığı ilə ön cəbhədə yüksək qiymətləndirilir.

Həmçinin 66 ədəd LAV 6 zirehli nəqliyyat vasitəsi veriləcək. Bu texnikalar güclü müdafiə və silahlanma imkanlarına malikdir və mürəkkəb döyüş tapşırıqları üçün nəzərdə tutulub.

Kanadanın xarici işlər naziri Anita Anand isə Ukrayna Enerji Dəstək Fonduna 20 milyon dollar ayrıldığını açıqlayıb. Vəsait Rusiyanın hücumları nəticəsində zədələnmiş elektrik şəbəkələrinin bərpası üçün avadanlıqların alınmasına yönəldiləcək.

Ottava eyni zamanda Rusiyaya qarşı sanksiyaları da genişləndirib. Yeni sanksiya dalğası çərçivəsində 20-dən çox məmur və 53 şirkətə məhdudiyyət tətbiq olunub. Bundan əlavə, Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması”na aid 100 gəmi qara siyahıya salınıb.

Kanada Rusiya neftinə tətbiq olunan qiymət limitini də aşağı salaraq, bir barel (təxminən 159 litr) üçün həddi 44,10 dollar səviyyəsində müəyyən edib. Bu addım Kremlin enerji ixracından əldə etdiyi gəlirləri azaltmağa yönəlib.

Bundan əvvəl də bir sıra ölkələr Ukraynaya əlavə hərbi yardım ayırdıqlarını açıqlamışdılar. Yardımlar çərçivəsində hava hücumundan müdafiə sistemləri, raketlər, artilleriya mərmiləri və digər hərbi avadanlıqların tədarükü nəzərdə tutulur. Latviya isə Ukraynaya istismardan çıxarılmış istilik elektrik stansiyasının avadanlıqlarını təhvil verdiyini bəyan edib. Almaniya və Fransa da daxil olmaqla daha beş Aİ ölkəsi analoji təşəbbüsə qoşulub.

Seçilən
12
veteninfo.az

1Mənbələr