Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Böyük itkilərə və iqtisadi artımın zəifləməsinə baxmayaraq, Kreml müdafiə xərclərini yüksək səviyyədə saxlamaqda davam edir.
Bu barədə "The Guardian" nəşri yazıb.
Məlumata görə, Rusiya artan iqtisadi təzyiqlərə və canlı qüvvə çatışmazlığına baxmayaraq, 2026-cı il ərzində də Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirmək imkanına malikdir. Eyni zamanda, Rusiyanın raket və pilotsuz uçuş aparatları vasitəsilə Avropa üçün yaratdığı təhlükənin artdığı bildirilir.
International Institute for Strategic Studies (IISS) təşkilatının baş direktoru Bastian Giqerix bildirib ki, Rusiyanın beşinci ildir müharibəni davam etdirmə qabiliyyətinin azalmasına dair ciddi əlamətlər görünmür. Analitiklərin hesablamalarına görə, Kreml 2025-ci ildə müdafiəyə azı 186 milyard dollar xərcləyib ki, bu da ölkənin ÜDM-nin 7,3 faizini təşkil edir. Bu göstərici ABŞ-nin müdafiə xərclərinin ÜDM-dəki payından iki dəfədən çoxdur.
Müdafiə maliyyəsi üzrə ekspert Fenella MakGerty qeyd edib ki, Rusiya iqtisadiyyatında ləngimə müşahidə olunsa da, son illərdə hərbi xərclərin kəskin artımı fonunda 2026-cı ildə real xərclərdə mümkün azalma ümumi mənzərəni ciddi dəyişmir. Onun sözlərinə görə, 2021-ci ildən bəri hərbi xərclər real ifadədə iki dəfə artıb ki, bu da texnika və müqaviləli hərbçilərin cəlbi üçün geniş imkan yaradıb.
Məlumata görə, Moskva müharibədən silahlanmanın modernləşdirilməsi üçün də istifadə edir. Xüsusilə "Şahid" tipli pilotsuz aparatların 2000 kilometrədək məsafədə hədəfləri vurmaq qabiliyyətinə malik olduğu qeyd olunur.
Bastian Gigerich NATO-nun hava hücumundan müdafiə sistemlərini gücləndirməsinin vacibliyini vurğulayıb. O, ötən ilin sentyabrında 21 Rusiya pilotsuz aparatının Polşa hava məkanını pozduğunu və bunun hava limanlarının fəaliyyətinə təsir göstərdiyini xatırladıb.
NATO-nun Avropadakı üzvləri isə 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağa söz veriblər. Bu qərarın Donald Trump administrasiyasının Avropanın öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalı olduğu ilə bağlı təzyiqləri fonunda qəbul edildiyi bildirilir.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.