AZ

“Xəzər suitisi tamah və qazanc məqsədilə ovlanmış ola bilər, müvafiq qurumlar dərhal tədbir görməlidir”

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Sosial şəbəkədə bir vətəndaş Xəzər dənizinin Novxanı sahilində suitinin cəsədinin aşkar olunduğunu paylaşıb. Bildirilib ki, heyvanın üzərində deşiklər var, güllə ilə vurulduğu, həmçinin başının kəsildiyi iddia olunur. Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi isə hələlik məlum deyil.

Əgər həqiqətən güllə yarası və ya kəsici alət izi varsa, bu hansı məqsədlə edilə bilər?

Suitilərin qorunması üçün hansı əlavə tədbirlərə ehtiyac var?

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Xəzər suitilərinin qorunması üçün müvafiq qurumlar tədbir görməlidir: “Xəzər suitisi dünyada suitilərin nadir növlərindən sayılır. Əsasən Xəzər sahillərində:Abşeron yarımadasında və Qızılağacda yaşayır. Xəzər suitisi qiymətli xəzə malikdir. Ondan alınan yağlar müalicəvi əhəmiyyət kəsb edir. Bu üzdən Xəzər suitisinin tamah və qazanc məqsədilə ovlanması mümkündür. Lakin videodan görünür ki, suitinin başı kəsilmiş halda cəsədi qumların üzərindədir. Videonu çəkən şəxs iddia edir ki, cəsəddə güllə izləri var, heyvanın başı da kəsilib. Xəzər suitisini ovlayan şəxs (əgər belə bir hal olubsa) niyə heyvanın cəsədini orada qoyub gedib? Bu, ov olmaya da bilər. Ola bilər ki, heyvan xəstəlikdən və ya digər səbəbdən tələf olub. Məsələn; son zamanlar Bakı ərazisində yerləşən park və bağlarda qarğaların kütləvi ölümü qeydə alınıb. Bu günlərdə Xəzər dənizinin sahilboyu ərazilərində batağan (elmi adı: podicipedidae) quşlarının kütləvi ölümü qeydə alınıb. Hadisə rayonun Niyazabad kəndi yaxınlığında dəniz kənarında müşahidə edilib. Minlərlə quşun cəsədi kilometrlərlə məsafədə sahilboyu əraziyə səpələnib. Xəzər hövzəsində biomüxtəlifliyi qorumaq əsas prioritet məsələlərdən olmalıdır. Hesab edirəm ki, Xəzər suitilərinin qorunması üçün müvafiq qurumlar, həm də vətəndaş cəmiyyəti səviyyəsində tədbirlər görülməlidir. Onların yaşayış mühiti qorunmalı, dəniz kənarında ekosistemin çirklənməsinin qarşısı alınmalı, sahil zonalarında tikinti məhdudlaşdırılmalı, su hövzələrində təbii bitki örtüyünü bərpası tətbirləri artırılmalı, dənizin çirklənməsi minimuma endirilməlidir. Zavod tullantılarının filtrdən keçirilmədən suya axıdılması qadağan edilməli, kanalizasiya sularının təmizlənməsinə diqqət artırılmalıdır”.

Elman Cəfərli

Elman Cəfərli vurğulayıb ki, Corat sahillərindəki ərazilərin monitorinqini həyata keçirərkən məlum oldu ki, ətrafda məskunlaşmış insanlar, çirkab suları birbaşa dənizə axıdırlar: “Hər şeydən əvvəl qanunsuz ovun qarşısı sərt şəkildə alınmalıdır. Bunun üçün cəza mexanizmləri təkmilləşdirilməli, cərimələr artırılmalıdır. Vətəndaş cəmiyyəti fəalları, ölkənin tanınmış yazarları, sənətçiləri, idmançıları maarifləndirmə kampaniyaları həyata keçirməlidirlər. Xüsusən sahil ərazilərdə yaşayan əhali üçün maariflədirmə aksiyalarının, təlimlərin keçirilməsinə ehtiyac var. Ötən il Corat sahillərində çimərlikdə olarkən ərtaf ərazilərin monitorinqini həyata keçirdik. Məlum oldu ki, ətrafda məskunlaşmış insanlar, iaşə obyekti işlədənlər çirkab sularını təmziləmədən birbaşa dənizə axıdırlar. İnsanlar bunu əksər hallarda bilməyərəkdən edirlər.

Ümumiyyətlə ekoloji şüurun formalaşdırıması erkən yaşlarda, məktəblərdə başlansa yaxşı olar. Yəqin ki, aidiyyəti qurumlar bu hadisədən sonra hərəkətə keçəcək, sahilboyu ərazilərdə reydlər keçirəcək, monitorinqlər aparacaqlar. Suiti ölümlərinin səbəbləri araşdırılmalıdır. Xəzər dənizi akvatoriyasında canlıların, xüsusilə Xəzər suitisi populyasiyasının qorunması çox vacibdir. Çünki suiti nəsli kəsilmək təhlükəsində olan növ hesab olunur və beynəlxalq səviyyədə də qorunan canlıdır. Bununla əlaqədar dövlət nəzarəti və mühafizə tədbirləri gücləndirilməli, qanunsuz ov edənlər cəzalandırılmalıdır. Balıqçılar və ovçularla maarifləndirici söhbətlərin aparılmasını da vacib hesab edirəm.

Suitilərin çoxalma və dincəlmə yerləri xüsusi nəzarətə götürülür. Abşeron və şimal sahillərində bəzi ərazilərdə mövsümi məhdudiyyətlər tətbiq olunur. Suitilər bütün Xəzər hövzəsində miqrasiya etdiyindən Xəzəryanı dövlətlərin rəsmi qurumları ilə də bu məsələdə əməkdaşlıq artırılmalıdır”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
icma.az

1Mənbələr