Azərbaycanda əmək bazarında dəyişikliklərlə bağlı müzakirələr yenidən aktuallaşıb. Son dövrlər müxtəlif ölkələrdə 4 və 5 günlük iş həftəsinə keçidlə bağlı təcrübələrin genişlənməsi fonunda, ölkəmizdə də bütün sahələr üzrə 5 günlük iş rejiminin tətbiqinin mümkün olub-olmaması sual doğurur. Mövcud qanunvericilikdə bu model nəzərdə tutulsa da, bəzi sektorların iş xüsusiyyətləri belə bir keçidin real olub-olmaması barədə fərqli yanaşmalar ortaya qoyur. Bəs Azərbaycanda bütün sahələr eyni iş rejiminə keçə bilərmi?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli KONKRET.az-a açıqlamasında bildirib ki, qanunvericilikdə artıq 5 günlük iş rejimi nəzərdə tutulsa da, bunun bütün sahələrdə tətbiqi real görünmür.

İqtisadçının sözlərinə görə, bəzi fəaliyyət istiqamətləri var ki, onların iş prinsipi səbəbindən 5 günlük rejimə tam keçid mümkün deyil. O ,qeyd edib ki, məsələ yalnız iş günlərinin sayının azaldılması ilə həll oluna bilməz:
“Bu problem iş gününün sayı və ya iş saatının həcmi ilə həll olunmur. Məsələ iqtisadi reallıqlardan doğmalıdır. Ölkənin iqtisadi vəziyyəti, əmək bazarının xüsusiyyətləri və əmək müqavilələri bağlanarkən işçi ilə işəgötürən arasında əldə olunan razılaşmalar burada əsas rol oynayır”.
Natiq Cəfərli əlavə edib ki, xidmət, istehsalat, səhiyyə və nəqliyyat kimi fasiləsiz fəaliyyət tələb edən sahələrdə vahid iş rejiminin tətbiqi çətinlik yarada bilər. Bu səbəbdən 5 günlük iş həftəsinə keçid daha çox sektorlar üzrə fərqli yanaşma tələb edir.
Aynurə İsmayıl
KONKRET.az