Uşaqların sağlam psixoloji inkişafı üçün onlara kiçik yaşlardan özlərini sevməyi və dəyərli hiss etməyi öyrətmək vacibdir.
Pravda.az bildirir ki, özünü sevmək uşağın həm emosional dayanıqlığını artırır, həm də gələcək həyatında daha sağlam münasibətlər qurmasına kömək edir.
Uşaqlar yalnız uğur qazandıqları zaman deyil, uğursuzluqla qarşılaşdıqları hallarda da özlərini dəyərli hiss etməlidirlər. Valideynlər övladlarına səhv etməyin normal olduğunu anlatmalı, onları şəxsiyyət olaraq deyil, konkret davranışlarına görə tənqid etməlidirlər.
Psixoloqlar vurğulayırlar ki, valideynlərin davranışları uşaqlar üçün əsas nümunədir. Böyüklərin özlərinə münasibəti, problemlərlə mübarizə üsulu və özlərinə verdikləri dəyər uşaqlar tərəfindən müşahidə olunur və təqlid edilir.
Mütəxəssislərin fikrincə, uşağa sevgi göstərmək, onu dinləmək və fikirlərinə hörmətlə yanaşmaq sağlam özünəinamın formalaşmasında əsas rol oynayır.
Əminə Bayramova