AZ

Fuad Oktay: Azərbaycan–Türkiyə qardaşlığı bu gün də möhkəm və sarsılmazdır

Bakı, 25 fevral, AZƏRTAC

Hər dəfə Azərbaycana, Bakıya gələndə öz Vətənimizə, öz torpağımıza, doğma qardaşlarımızın yanına gəlmiş kimi hiss edirik. Bu səfərimizdə də həmin səmimi münasibətin bir daha şahidi olduq.

Azərbaycan–Türkiyə qardaşlığı bu gün də möhkəm və sarsılmazdır. Azərbaycan hər keçən gün daha da güclənir, inkişaf edir. Hər səfərimizdə daha da tərəqqi etmiş bir Azərbaycan görürük.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay səfərlə bağlı yekun mətbuat konfransında söyləyib.

F. Oktay bildirib ki, iki ölkənin birgə gücü, birlik və qardaşlığı tamam fərqli bir mənzərə yaradır. Bu həm regional, həm də beynəlxalq səviyyədə xüsusi əhəmiyyət daşıyır.

"Bu səfər çərçivəsində Gürcistan–Türkiyə–Azərbaycan üçtərəfli görüşləri üçün buradaydıq. Həm regional proseslər, həm ikitərəfli münasibətlər, həm də üçtərəfli formatda bölgənin inkişafı və əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq.

Türkiyə, Azərbaycan və Gürcüstan Şərqlə Qərb arasında bağlantı baxımından strateji əhəmiyyətə malikdir. Xüsusilə Xəzər hövzəsindən başlayaraq Şərqi Qərbə bağlayan nəqliyyat və enerji xətləri bu bölgədən keçir. Bu çərçivədə Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Qars dəmir yolu kimi mühüm layihələr xüsusi əhəmiyyət daşıyır.

Bakı–Tiflis–Qars dəmir yolunun Gürcüstan hissəsində aparılan təmir-bərpa işlərinin tamamlandığını görmək bizi sevindirdi. Xəttin tam fəaliyyəti yük daşımalarında yeni mərhələ açacaq",- deyə Fuat Oktay vurğulayıb.

Seçilən
14
3
azertag.az

4Mənbələr