AZ

Əsgərliklə bağlı YENİ QƏRAR VERİLDİ – Bundan sonra…

Nazirlər Kabinetinin hərbi xidmətə qəbul, kursantların hazırlanması və hərbi təhsil müəssisələri ilə bağlı qaydalarda etdiyi son dəyişikliklər ölkədə hərbi kadr hazırlığı sisteminin yeni mərhələyə keçdiyini göstərir.

Baş nazir Əli Əsədovun imzaladığı qərar Nazirlər Kabineti tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara edilən dəyişikliklərə uyğunlaşdırılıb və hərbi təhsil alan şəxslərin hüquq və öhdəliklərini daha dəqiq müəyyənləşdirir.

Yeni qaydalara əsasən, bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul mexanizmi yenilənib, təhsil anlayışı genişləndirilib və artıq orta ixtisas təhsili də bu sistemə daxil edilib. Xüsusi təyinatlı orta ixtisas hərbi təhsil müəssisələrini bitirən şəxslər ayrıca kateqoriya kimi tanınıb. Hərbi təhsil müəssisələrinə qəbul olunan kursantlarla rəsmi bağlaşma imzalanması məcburi olub və bu sənəd üç nüsxədə, eyni hüquqi qüvvə ilə tərtib ediləcək. Yaşı 18-dən az olan namizədlər üçün isə bu bağlaşma yalnız qanuni nümayəndənin razılığı ilə qüvvəyə minəcək.

Qərara əsasən, hərbi təhsil müəssisəsini bitirən şəxslər zabit kimi azı 10 il, gizir və ya miçman kimi isə minimum 5 il, bəzi hallarda isə 10 il xidmət etməlidirlər. Bu öhdəlik yerinə yetirilmədiyi təqdirdə, dövlətin həmin şəxsin hazırlanmasına çəkdiyi xərclər geri tələb ediləcək. Həmçinin kursantın təhsil müəssisəsindən xaric edilməsi də bağlaşmanın ləğvi üçün əsas kimi müəyyənləşdirilib.

Bakı, Gəncə və Naxçıvan hərbi kolleclərinin nizamnamələrində “öz arzusu ilə” ifadəsinin “təhsilini davam etdirmək istəmədiyinə görə” sözləri ilə əvəz olunması isə prosesin daha konkret hüquqi çərçivəyə salındığını göstərir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hərbi ekspert Rövşən Məhərrəmov bildirib ki, bu dəyişikliklər Azərbaycanın hərbi kadr siyasətində uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir.

Rövşən Məhərrəmov

Onun sözlərinə görə, dövlət hərbi mütəxəssis hazırlığına böyük maliyyə vəsaiti sərf edir və bu investisiyanın qorunması strateji əhəmiyyət daşıyır:

“İnkişaf etmiş ölkələrin əksəriyyətində – ABŞ, Türkiyə, Fransa, Almaniya kimi dövlətlərdə hərbi akademiyalara qəbul olunan şəxslərlə uzunmüddətli xidmət müqavilələri bağlanır. Məsələn, ABŞ-daə “West Point” Akademiyasını bitirən zabitlər ən azı 5-8 il aktiv xidmət keçməyə borcludur. Türkiyədə hərbi məktəbləri bitirənlər üçün də oxşar öhdəliklər mövcuddur. Əgər hərbçi bu müddəti tamamlamadan ordudan ayrılarsa, dövlətin xərclərini ödəməli olur. Azərbaycan da bu praktikanı sistemli şəkildə tətbiq etməyə başlayır”.

Ekspertin fikrincə, yeni qaydalar həm də ordu daxilində peşəkarlığın artmasına xidmət edəcək:

“Əvvəllər bəzi hallarda hərbi məktəbi bitirən şəxslər qısa müddət sonra xidmətdən ayrılırdı. Bu isə həm kadr çatışmazlığı yaradır, həm də dövlət vəsaitinin itirilməsinə səbəb olurdu. İndi isə hər kəs əvvəlcədən bilir ki, qarşısında konkret xidmət öhdəliyi var və bu, məsuliyyət hissini artırır”.

Rövşən Məhərrəmov əlavə edib ki, orta ixtisas hərbi təhsilinin sistemə daxil edilməsi də müasir ordu modelinə uyğundur:

“Müasir ordular yalnız zabitlərdən ibarət deyil. Texniki mütəxəssislər, rabitəçilər, mexaniklər, pilotsuz aparat operatorları kimi orta ixtisaslı kadrlar çox vacibdir. Bu dəyişikliklər həmin sahələrdə peşəkar heyətin formalaşmasına imkan verəcək”.

Tunar
NOCOMMENT.az

Seçilən
2
nocomment.az

1Mənbələr